Bakı. Samir Əli - Trend:
Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda ziyan çəkmiş fərdi yaşayış evi və obyektlərin sayı artır. İlkin dəqiqləşdirmələrə görə, ötən gecə Ağdamda 84 evə ciddi ziyan dəyib.
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "Hazırda dəqiqləşdirmələr davam etdirilir. İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 evin ciddi zədələndiyi barədə məlumat alsaq da, həmin kənddə daha çox evə ziyan dəydiyi güman edilir. Hazırda Çəmənli kəndində həlak olmuş kənd sakininin dəfni ilə əlaqədar bu kəndə dəymiş ziyanı müəyyənləşdirmək hələlik mümkün olmayıb. Günün sonuna kimi bu məlumatları dəqiqləşdirməyə çalışacağıq. Həmin kənddə hələ ki 1 evin tam dağıldığı, 1 avtomobilin yararsız vəziyyətə düşdüyü deyilir".
İcra başçısı deyib ki, səhər saatlarında Qaradağlı kəndində 27 evin ciddi zədələndiyi barədə məlumat olsa da, hazırki dəqiqləşdirmələrə görə həmin evlərin sayı 36-dır, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 evə ziyan dəydiyi bildirilirdi ki, hazırda bu rəqəm də 16-dır: "Bunlardan 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Bundan başqa, rayonun Əfətli kəndində 21 ev ziyan çəkib, iki ev tam dağılıb. Hazırda bununla bağlı kəndlərdə araşdırmalar davam etdirilir".