...

İş adamının öldürülməsi ilə bağlı məhkəmədə şahid ifadələri dinlənilib

Cəmiyyət Materials 2 May 2016 12:15 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İş adamının öldürülməsi ilə bağlı məhkəmədə şahid ifadələri dinlənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə iclasında növbəti dəfə hakimlər heyətinə etiraz ediblər. Hakimlər zala daxil olan zaman təqsirləndirilən şəxslər onlara etiraz edərək ayağa qalxmayıblar.

Sonra prosesdə şahid qismində ifadə verən Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Cabir Niftəliyev təqsirləndirilən şəxs Zaur Əliyevi saxladıqlarını və evlərində baxış keçiridiklərini deyib. Bildirib ki, evdə axtarış aparan zaman iki silah və patronlar aşkarlanıb.

Hal şahidi qismində dindirilən Azər Qurbanov, Rabil Talıbv və Elşən Hümbətov da ifadələrində təqsirləndirilən şəxs Z.Əliyevin evində axtarış zamanı iştirak etdiklərini, evdən silah-sursat aşkarlandığını təsdiqləyiblər.

Məhkəmə prosesi mayın 6-da davam etdiriləcək.

Qeyd edək ki, DİN-in yaydığı məlumatda bildirilirdi ki, 2015-ci il il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.


Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti