...

54 mənzilli yaşayış binası və 6 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi (FOTO)

Cəmiyyət Materials 7 May 2016 12:53 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını və 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərininvə şəhid ailələrinin istifadəsinə verdi.
54 mənzilli yaşayış binası və 6 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını və 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərininvə şəhid ailələrinin istifadəsinə verdi.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Beyləqan rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 ədəd fərdi yaşayış evi respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib. Onlardan 38 nəfəri Qarabağ müharibəsi əlilləri, 22-si isə şəhid ailələridir.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində daha bir qrup müharibə əlili və şəhid ailəsinin mənzillə təmin edilməsinin ulu öndərimiz tərəfindən əsası qoyulan sosial proqramların yüksək səviyyədə davam etdirilməsinin bir təcəssümü olduğunu vurğulayıb: "Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasında həmişə xalqın maraq və mənafelərinin yüksək səviyyədə təminatı, əhalinin sosial rifah halının yüksəldilməsi dayanıb. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi edən, həmçinin rifah göstəricilərinin, sosial təminat səviyyəsinin mütəmadi yüksəldiyi bir respublikaya çevrilmişdi. 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev o zaman ölkənin müstəqilliyi üçün yaranmış ciddi təhlükələrin qarşısının alınması, müstəqil dövlətin qurulması və inkişaf yoluna səfərbər olunması ilə bərabər, sosial tənəzzüldən sosial sabitliyə, sosial müdafiə sisteminin inkişafına doğru ciddi dönüşün yaranmasını da uğurla təmin edib".

Ulu öndər tərəfindən görülən tədbirlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq nominal əmək haqqının 6 dəfədən çox artdığını qeyd edən nazir 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxunun məhz əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə yönəldiyini bildirib.

S.Müslümov Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafının vacib əsaslarını yaradan ümummillli lider Heydər Əliyevin eyni zamanda sosial cəhətdən həssas qruplarla bağlı mühüm sosial proqramlara başlanmasını da təmin etdiyini diqqətə çatdırıb: "Belə proqramlardan biri kimi, 1997-ci ildən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına inşa edilmiş mənzillərlə təminatına başlanılıb. Ulu öndərimizin sosial inkişaf kursunun 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi əlil və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işlərinin də ildən-ilə güclənməsinə şərait yaradıb".

Nazir bildirib ki, dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, ötən il və cari ilin keçən dövründə 445 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər verilib: "Ümumilikdə, bu vaxta qədər 5,4 minə yaxın şəxsin mənzillə təminatı həyata keçirilib ki, həmin insanların 4905 nəfəri və ya 91 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, qalanları isə Böyük Vətən müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir".

S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının da mütəmadi olaraq gücləndirildiyini, cari ilin yanvarında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırıldığını, həmin insanların digər sahələrdə güzəşt və imtiyazlara malik olduqularını, habelə ötən dövrdə 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təmin edildiyini bildirib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin etibarlı sosial müdafiəsinə xüsusi diqqət və qayğısı sosial cəhətdən həssas qruplardan olan insanların həyat səviyyəsinin yaxşılaşmasına istiqamətlənən tədbirlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əsaslı təminat yaradır".

Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini bu münasibətlə təbrik edən nazir onlara xoş arzularını ifadə edib.

Yeni mənzillərin sahibləri olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıb, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan razılıqla söz açıblar.

Onlar sosial təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, habelə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti