...

Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2016 10:49 (UTC +04:00)
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 2016-cı ilin 10 may tarixində ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda geniş tədbir keçirilib.
Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə 2016-cı ilin 10 may tarixində ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda geniş tədbir keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, "Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu və memarı" devizi altında təşkil olunmuş tədbirdə çoxsaylı qonaqlar, o cümlədən Los Anceles vilayəti rəsmiləri, baş konsullar, müxtəlif icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Ulu Öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında və tərəqqisində göstərdiyi əvəzsiz tarixi xidmətlər barədə danışıb. Vizual təqdimatın müşayiətilə davam edən çıxışda diplomat, Heydər Əliyevin uzaqgörənliyi və güclü siyasi iradəsi nəticəsində Azərbaycanın qısa vaxt ərzində ölkə daxilində və beynəlxalq aləmdə əldə etdiyi böyük nailiyyətləri tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat həmçinin, Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.

Sonra tədbir Ulu Öndərin təməlini qoyduğu çağdaş Azərbaycanın bu gün əldə etdiyi yüksək nailiyyətlərdən, eləcə də milli-mədəni irsimizdən bəhs edən sənədli filmin premyerası ilə davam edib. Qeyd edək ki, tədbir iştirakçılarında böyük maraq oyadan film bir müddət əvvəl AR Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə ərsəyə gətirilmiş 5 sənədli filmdən biridir. Bu ilin aprel ayından etibarən ABŞ televiziya kanallarında çoxsaylı amerikalı tamaşaçılara təqdim olunan filmlər qısa müddət ərzində geniş rəğbət qazana bilib. Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Filmlin nümayişindən öncə, ECONEWS teleradio şirkətinin icraçı direktoru Nensi Perlman Azərbaycan milli geyimində çıxış edərək, ölkəmizin füsunkar təbiəti, zəngin musiqi və mədəniyyəti, böyük turizm potensialı və sürətli inkişafı barədə məlumat verib.

Nümayişdən sonra tədbir iştirakçıları Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən foto-sərgi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti