...

Hüquq müdafiəçisi: Cinayətkarı siyasi məhbus adlandırmaq gülüncdür

Cəmiyyət Materials 13 May 2016 13:21 (UTC +04:00)
Azərbaycanda siyasi məhbus məsələsi biznesə çevrilib.
Hüquq müdafiəçisi: Cinayətkarı siyasi məhbus adlandırmaq gülüncdür

Bakı. Samir Əli - Trend:

Azərbaycanda siyasi məhbus məsələsi biznesə çevrilib. Trend-in məlumatına görə, bunu bu gün İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, işçi qrupunun fəaliyyətini dayandırması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Biz fəaliyyətimizi davam etdiririk. Qrupa mütəmadi şikayətlər daxil olur və bu şikayətlər araşdırılır. Sadəcə olaraq, müəyyən işlərlə bağlı iclaslar əvvəlki vaxtlara nisbətən gec-gec keçirilir".

Azərbaycanda bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin zəiflədiyini bildirən S.Məmmədov deyib ki, bu problem xarici donorların qrant ayıra bilməməsi ilə əlaqəlidir.

Hüquq müdafiəçisi ölkədə siyasi məhbus məsələsi ilə bağlı yayılan məlumatlara da toxunub. Qeyd edib ki, bəziləri siyasi məhbus adı almağa cəhd edirlər: "Bəziləri hər hansısa bir hadisəni törədib 6 ay həbsdə yatandan sonra hay-küy salırlar ki, siyasi məhbus adı alıb xaricə qaçsınlar. Onlar bu prosesdən sui-istifadə edirlər. Həmin şəxslər özlərini siyasi məhbus adlandırmaqla biznesə girişiblər. Bu, artıq Azərbaycanda biznesə çevrilib"

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus "yaratmaq"da maraqlıdır. Onlar həmin şəxsləri siyasi məhbus adlandırmaqla onlardan Azərbaycana qarşı istifadə edirlər. Bu yolla onlar Azərbaycana təzyiq etmək istəyirlər.

Hüquq müdafiəçisi Eldar Zeynalov isə bildirib ki, hətta bəziləri Azərbaycanda konkret cinayət törədənləri siyasi məhbus adlandırmaq istəyirlər: "İş o həddə çatıb ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan 14 nəfər cinayətkarı da siyasi məhbus adlandırmaq istəyirlər. Bu yolverilməzdir. Cinayətkarı siyasi məhbus adlandırmaq gülüncdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti