...

Azərbaycanla Rusiya Fundamental Tədqiqatlar Fondu arasında saziş imzalanıb (FOTO)

Cəmiyyət Materials 18 May 2016 10:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycanla Rusiya Fundamental Tədqiqatlar Fondu arasında saziş imzalanıb (FOTO)

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, sənəd AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində imzalanıb.

Fundamental Tədqiqatlar Fondunda (RFTF) Şura sədri, akademik Vladislav Pançenko ilə keçirilən görüşdə fundamental elmlər sahəsində səmərəli birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji, sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzində (BETİM) də olub.

Rəhbərlik etdiyi mərkəzin Azərbaycan ilə elmi və texniki sahələrdə sıx əməkdaşlığında maraqlı olduğunu bildirən BETİM-in baş direktoru Gennadi Uqrinoviç informasiya mübadiləsi, elmi əlaqələrin yaradılması və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. G.Uqrinoviç Azərbaycan alimlərinin məqalələrinin mərkəzin nəşr etdirdiyi "İnformasiya və innovasiya" jurnalında dərc olunmasını təklif edib. Bunun respublikada son illər əldə edilmiş elmi nailiyyətlər, innovasiya yenilikləri barədə məlumatların yayılması istiqamətində atılan növbət bir addım olacağını vurğulayıb.

AMEA-nın nümayəndə heyəti gənc alimlər və Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Görüşdə akademik A.Əlizadə AMEA-da həyata keçirilən yeniliklərdən, struktur dəyişikliklərindən danışaraq bildirib ki, artıq 2015-ci ildən Akademiya təhsilin magistratura pilləsinə qəbul keçirir və bu ildən qəbul üzrə elmi istiqamətlərin sayı artırılıb. Akademik AMEA-da yaradılmış yeni elmi institutların, xüsusilə Qafqazşünaslıq İnstitutunun Azərbaycan tarixinin, eləcə də Qafqaz regionu ilə əlaqələrin sistemli tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti