...

Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi ittihamları qəbul etmir (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 2 İyun 2016 16:06 (UTC +04:00)
u gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi ittihamları qəbul etmir (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:12-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A.Məmmədov özünü təqsirli bilsə də, digərləri özlərini günahsız hesab ediblər.

Daha sonra təqsirləndirilən şəxs R.Məmmədov sərbəst ifadə verib. O, ittihamı qəbul etməyib və təqsirsiz olduğunu bildirib.

Məhkəmə prosesində sonra fasilə elan olunub.

Fasilədən sonra dövlət ittihamçısının suallarını cavablandıran R.Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurumun strukturunu o yox, Nazirlər Kabineti müəyyənləşdirir: "İdarənin bəzi işçiləri dövlət qulluqçusu hesab edilir. İşə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Nəsibov Elman Sabir oğlunu mən işə qəbul etmişəm və anbara nəzarət edirdi. Həmin şəxslə qohumluq əlaqəm olmayıb, tərcümeyi-halına baxmışam, mütəxəssis olduğu üçün vəzifə vermişəm. Sonradan həmin vəzifəyə kadr gəldiyi üçün onu başqa vəzifəyə keçirmişəm. İdarə işçilərinin standart iş saatının olmamasına gəlincə isə, onlara bu işə görə əlavə pul mükafatı verirdim".

Digər işçi Xuraman Qasımovanın qohumu olduğunu deyən R.Məmmədov onun idarənin baş mühasibi olduğunu bildirib: "O, 30 ilin mühasibi olub. Bacarıqlı kadr olduğundan onu bu vəzifəyə qəbul etmişəm. Qohumluq əlaqəm olsa da, bacarıqlı kadr olduğu üçün ehtiyac var idi. Həyat yoldaşım da orada işləyib".

R.Məmmədov bildirib ki, qaynı Azad Əsgərov da idarədə işləyib: "Beynəlxalq şöbədə işləyirdi, qonaqları qəbul edib yola salırdı və bayrağımızı təbliğ edirdi. Səbinə Quliyeva isə kompleksin ərazisində yaşıllaşdırmaya baxıb, qohumluq əlaqəmiz olmayıb. İşçilərin maaşlarını mühasibatlıqda hesablayırdılar. Mən onlara pul ötürmə prosesində iştirak etməmişəm. Təqsirləndirilən şəxs Arzu Məmmədov və İsfəndiyar İsfəndiyarovu alqı-satqı mərkəzində işləyən biri kimi tanıyıram. Münasibətlərimiz normal olduğu üçün 6 milyon manatı İsfəndiyar İsfəndiyarova vermişəm ki, Arzu Məmmədovun satdığı binanın birinci mərtəbəsindəki obyektləri alsın. Obyektlərin alınması ilə bağlı neçə müqavilə bağlandığını bilmirəm. Obyektləri ona görə başqasının adına rəsmiləşdirmişəm ki, yaxın qohumlarım yoxdur. Obyektlərdən birini, 600 min manatlıq obyekti yoldaşımın adına rəsmiləşdirmişəm".

R.Məmmədov, həmçinin kompleks ərazisindəki restorana nəzarət edən şəxsin adını idarənin işçisi kimi yazsa da, o, işə getməyib: "Camal Rəsulovu kompleksdə hansısa bir işə qəbul edib ona qeyri-rəsmi restoran işlətməyi tapşırmışam. Bu, ştat cədvəlindən kənar olub. İşçi ştatda olsa da, ancaq restorana nəzarət edirdi".

Prosesdə ifadə verən təqsirləndirilən şəxs İ.İsfəndiyarov isə bildirib ki, o, prosesdə əlaqələndirici olub: "Kimsə obyekt alacaq, kimsə satacaq, mənə bu məsuliyyət lazım idi? Obyekti 6 milyon manata deyirdilər. Mən obyektin sahibi Zabit Salmanovla 4 milyon 700 min manata razılaşmışam. Obyekti sənədləşdirmişəm. Arzu Məmmədovun nə qiymət danışmaqda günahı olub, nə də sənədləşmədə. Onun yeganə günahı odur ki, mənim qohumumdur, kasıbçılıqdan pul qazanmaq istəyib".

Növbəti məhkəmə prosesi iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il martın 4-də Səbail rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti