...

Dini icmaların fəaliyyəti müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2016 11:53 (UTC +04:00)
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qaxda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Dini icmaların fəaliyyəti müzakirə olunub (FOTO)

Bakı. Trend:

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qaxda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, rayon ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib.

Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən Komitə rəsmisi eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən danışıb.

Sonra Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Qax rayon qazısı Novruz Sadıqov və QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov da mövzu ətrafında məruzələr ilə çıxış ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti