...

Keşlə dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2016 11:36 (UTC +04:00)
Keşlə dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib.
Keşlə dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2016-cı ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, 21 sentyabr 2016-cı ildə Keşlə dəmir yolu qovşağının ərazisində yerləşən Bakı lokomotiv deposunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, bununla əlaqədar olaraq, Keşlə dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, qovşağın ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimi Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları müşahidə edirdilər.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsidir.

Bakı lokomotiv deposu ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Qovşaq rəhbəri məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşərək aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olub. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var. Elektrik qatarında yanğın baş verib.

Təlim rəhbəri təbii fəlakətin və texnogen qəzanın nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. Ərazi dərhal çəpərləndi, kəşfiyyat aparıldı, müvəqqəti rabitə bərpa edildi, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü, yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar. Elektrik qatarından sərnişinlər və inzibati binadan işçilər təxliyyə edildi. Bərpa komandası bərpa işlərinə başladı.

Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin mülki müdafiə işləri üzrə texniki müfəttişi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə Qoşunlarının əməkdaşları çıxış edərək qovşaqda mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdilər və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti