Bakı. Trend:
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhəri ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Gəncə bölgəsi üzrə şöbənin müdiri Asif Əliyev və müdir müavini Elmar Fətəliyev, şöbənin digər əməkdaşları, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər.
DQİDK-nın sədrinin müavini S.Heydərov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. O, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışıb.
Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Səyavuş Heydərov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.