Bakı. Trend:
Cari ilin 9 ayında əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə elektron xidmətlərdən 4,5 milyon dəfəyə yaxın istifadə qeydə alınıb.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN-nin fəaliyyət sahələri üzrə əhaliyə təqdim edilən elektron xidmətlər müvafiq xidmətlərdən vətəndaşların rahat və şəffaf şəkildə istifadəsinə geniş imkanlar yaradır. Cari ilin sentyabr ayında da həmin e-xidmətlərə əhali tərəfindən böyük maraq müşahidə edilib.
Ötən ay vətəndaşlar ƏƏSMN-nin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar. Bu dövrdə nazirliyin e-xidmətlərinə müraciətlərin "Elektron hökumət" portalına müraciətlərin say tərkibində çəkisi əvvəlki avqust ayındakı 29 faizdən 37 faizə yüksəlib.
Sentyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin 141 742-si “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, 143 116-sı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, 24 975-i “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətlərinə yönəlib. “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 14 091 dəfə, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 12 362 dəfə müraciət olunub. Vətəndaşlar “Sığortaolunanın onlayn uçota alınması” e-xidmətindən 9 821 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 5 551 dəfə faydalanıblar.
Əvvəlki avqust ayı ilə müqayisədə sentyabr ayında “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə 22 faiz, “Pensiya kalkulyatoru” e-xidmətinə 7 faiz, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinə 5,8 faiz, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətinə 13 faiz çox müraciət edilib. Eləcə də müraciətlər “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 4,5 faiz, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti üzrə 21,9 faiz, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 3 faiz artıb. “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətindən istifadə göstəricisi də çoxalıb.
Əhali nazirliyin “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” və digər e-xidmətlərindən də fəal şəkildə yararlanır.
Ümumilikdə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir ki, vətəndaşlar cari ilin 9 ayında həmin xidmətlərdən 4 491 884 dəfə faydalanıblar.