...

Azərbaycanda hakimlərin ştat sayı qaneedici deyil

Cəmiyyət Materials 16 Noyabr 2016 12:26 (UTC +04:00)
Bu gün Azərbaycanda hakimlərin ştat sayı qaneedici deyil.
Azərbaycanda hakimlərin ştat sayı qaneedici deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda hakimlərin ştat sayı qaneedici deyil.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirlən iclasında Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, 2005-ci ildə hakimlərin ştat sayı 300 idisə, bu gün onların sayı 600-ə çatıb:

"Məhkəmə aparatı işçilərinin sayı isə 2005-ci illə müqayisədə 75 faiz artırılıb. 307 nəfər gəncin hakim vəzifəsinə təyinatı olub. Bakıda hakim korpusunun 90 faizi yeni təyinatların payına düşür. Gələn ilin sonu üçün 100-dən çox hakimliyə namizədi işə təyin etməyi planlaşdırırıq. Bu da məhkəmələrdəki hakimlərin iş yükünün azaldılmasına şərait yaradacaq”.

C.Hüseynov qeyd edib ki, hakimlərin ştat sayının artırılması ilə iş yükünün azaldılmasına nail olmaq çətindir.

Onun sözlərinə görə, 2000-ci ildə məhkəmələrdə iş yükü təxminən 21 min mülki işdən ibarət idisə, bu gün iş yükü 330 min təşkil edir. Başqa sözlə, məhkəmələrdə iş yükü 15 dəfədən çox artıb:

“Əsas problem mülki işlərdə müşahidə olunur. Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükünün həcmi hər ay təxminən 25-30 işdir. Bu gün tək Bakı şəhərində bu rəqəm yüzlə ölçülür. Elə məhkəmələr də var ki, bu say yüzdən çoxdur. Deməli, biz hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq. Təbii ki, bu real deyil. Çünki buna heç məhkəmə infrastrukturu da tab gətirməz. Burada işin səmərəliliyi də görünməz. Ona görə də başqa üsulla iş həcmini azaltmağı hədəfləmişik”.

C.Hüseynovun bildirdyinə görə, məhkəmədə iş həcminin azalması üçün təhlillər aparılıb və məlum olub ki, məhkəmədə hakimin iş yükünün təxminən 25 faizi icra işləri üzrə icraata xitam verilməsi ilə bağlıdır: “Ali Məhkəmənin tövsiyəsinə əsasən, oktyabrın sonunda Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi. Artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq”.

İş həcminin çoxluğunun işlərə mənfi təsir göstərdiyini deyən C.Hüseynov qeyd edib ki, bu gün 3-5 manat dəyərində olan iddialar da Ali Məhkəməyə qədər gedib çıxır:

"Bununla da, əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmi artırılmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır. Hakimlərin maaşı elə də çox deyil. Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşını əlavə gəlirlərlə hesablasaq, təxminən 1500 manata qədər təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti