...

Azərbaycanda qaz və elektrik enerjisi tarifləri başqa ölkələrdəki tariflərdən çox aşağıdır (TƏHLİL)

Cəmiyyət Materials 29 Noyabr 2016 20:34 (UTC +04:00)
Azərbaycanda təbii qaz və elektrik enerjsi tarifləri MDB ölkələrindəki analoji tariflərdən çox aşağıdır.
Azərbaycanda qaz və elektrik enerjisi tarifləri başqa ölkələrdəki tariflərdən çox aşağıdır (TƏHLİL)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda təbii qaz və elektrik enerjsi tarifləri MDB ölkələrindəki analoji tariflərdən çox aşağıdır.

Bunu Trend-ə Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.

Onun sözlərinə görə, kommunal xidmət tariflərinin diferensiasiyası dünyada geniş təbiq olunur.

İ.Məcidov deyib: "Bir çox ölkə bundan istifadə edir, lakin müxtəlif ölkələrdə bu proses fərqli meyarlarla həyata keçirilir. Gəlin elektrik enerjisi tariflərinə baxaq. Məsələn, qonşu Gürcüstanda elektrik enerjisi tarifləri istehlak həcminə görə diferensiallaşdırılıb. Amma Azərbaycandan fərqli olaraq orada orta aylıq sərfiyyat 250 kilovat-saat yox, 100 kilovat-saat təşkil edir. Gürcüstanda elektrik enerjisinin bir kilovat-saatının dəyəri aylıq 100 kilovat-saat üçün 0,092 manat, 100-300 kilovat-saat üçün 0,12 manat, 300 kilovat-saatdan çox isə 0.15 manat təşkil edir".

Onun sözlərinə görə, bu cür diferensiasiya Ukrayna və Qazaxıstanda da tətbiq olunur. Ukraynada aylıq sərfiyyat norması 100 kilovat-saat, Qazaxıstanda isə 90 kilovat-saat təşkil edir.

İ.Məcidov bildirib: “Elektrik enerjisinə ayda 250 kilovat-saatdan çox sərfiyyat limitinin tətbiq olunması bizə əhalinin böyük əksəriyyətini qiymət artımından qorumağa imkan verir”.

Onun sözlərinə görə, digər ölkələrdə qaz tariflərini tədqiq edərkən məlum olur ki, bu sahədə də bir çox ölkədə tariflər Azərbaycandan daha yüksəkdir:

“Məsələn, Belarusda tariflər 1000 kubmetr üçün 300 manata yaxın, Ukraynada 450 manata yaxın, Gürcüstan və Ermənistanda 400 manata yaxın təşkil edir. Rusiyada regiondan asılı olaraq tariflər 1000 kubmetr üçün 150-200 manat arası dəyişir. Beləliklə demək olar ki, bir çox postsovet ölkəsində qaz tarifləri Azərbaycandakı analoji tariflərdən yüksəkdir”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti