...

Gəncədə "Nizami və dünya ədəbiyyatı" beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2016 11:52 (UTC +04:00)
X Yüksək Səviyyəli Toplantının iştirakrçılarından ibarət nümayəndə heyəti dekabrın 11-də Gəncə şəhərində keçirilən “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılıblar.
Gəncədə "Nizami və dünya ədəbiyyatı" beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli Toplantının iştirakrçılarından ibarət nümayəndə heyəti dekabrın 11-də Gəncə şəhərində keçirilən “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılıblar.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olublar. Muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Beynəlxalq elmi-praktik konfransdan öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlar burada Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş “Nizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şairin seçilmiş əsərlərindən əsas səhnələr, habelə Fitnə, Xosrov, Leyli, Məcnun kimi məşhur qəhrəmanları özündə əks etdirən rəsm əsərləri, xalçalar, heykəltəraşlıq nümunələri nümayiş etdirilib. Qonaqlar dahi şairin ingilis, fransız və alman dillərinə tərcümə edilmiş əsərləri ilə də tanış olublar. Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosov Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransda açılış nitqi söyləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq Nizami Gəncəvinin əsərlərinin böyük ictimai-siyasi və mənəvi məzmuna malik olduğunu söyləyib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin irsinin qorunması və təbliğində önəmli rol oynadığını diqqətə çatdırıb. Sonra NGBM-nin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədbiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah, AMEA-nın Gəncə Böməsinin Nizami Gəncəvi mərkəzinin direktoru, professor Xəlil Yusifli, Gəncə Dövlət Universitetinn “Elm və innovasiyalar” üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək, Nizaminin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıblar.

Konfransın sonunda Vayra Vike-Frayberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin, İsmayıl Seragəldinə Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verilməsinin təqdimat mərasimi keçirilib. Mərasimdə hər iki Universitetin Elmi Şuralarının qərarları oxunub, xanım Frayberqa və cənab Seragəldinə diplom və mantiya təqdim edilib. Tədbirin sonunda qonaqlara Nizami Gəncəvi və Məhsəti Gəncəvinin rəsimləri əks olnmuş portret xalçaları hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti