Bakı. İlhamə İsabalayeva - Trend:
“Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şuranın iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planına əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, Zəngəzur tarixi, Şəki tarixi kitabları çap olunacaq: “Bizim heç kimə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.
Y.Mahmudov deyib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistanın ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.