Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə nazirliyin əməkdaşlarının uşaqlarından ibarət 14 nəfərin 120-dən çox təsviri incəsənət əsəri nümayiş olunub.
ƏƏSMN-nin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçən tədbirdə ilk növbədə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o vaxtkı sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımdan bəhs olunub. Qeyd olunub ki, bu soyqırım zamanı içərisində uşaqlar, qadınlar və qocalar da olan 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideynlərinin birini itirib, 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərin taleyi isə hələ də naməlumdur.
Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən görülən işlər diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm addımların atılmasına şərait yaratdığı vurğulanıb.
Bildirilib ki, hazırki sərgidə təqdim olunan əsərlər də uşaqların Xocalı soyqırımına baxışlarını, münasibətlərini əks etdirir. Hətta burada 5 yaşlı uşaq da (Kənan Fətullayev) Xocalı haqqında öyrəndiyi məlumatlar əsasında bu mövzuda öz rəsm əsərini hazırlayaraq təqdim edir. Bütün bunlar onu göstərir ki, Xocalı soyqırımı hər bir azərbaycanlının, hətta kiçikyaşlı bir uşağın da yaddaşına həkk olunub və Xocalı həqiqətləri nəsillərdən nəsillərə keçəcək, heç zaman unudulmayacaq.
Tədbir iştirakçıları təqdim olunan əl işləri ilə tanış olublar. Sərgi-müsabiqədə əl işləri təqdim olunan uşaqlara ƏƏSMN-nin hədiyyələri və nazirliyin Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları təqdim olunub.