Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib.
Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Bakı Biznes Universitetində keçirilib.
Tədbirdə vurğulanıb ki, gənclərin əmək bazarına inteqrasiya və məşğulluq imkanlarının artırılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də bu məqsədə yönəlib. Cari ilin 5 ayında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 min nəfərə yaxın şəxsin məşğulluğu təmin edilib ki, onlardan 30 faizini gənclər təşkil edib.
Qeyd olunub ki, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması məşğulluğun, ümumən əmək bazarında tələb və təklif arasında uyğunluğun təmin edilməsində mühüm rola malikdir. Bu məqsədlə aparılan işlərin davamı kimi, bu ilin 5 ayında nazirlik tərəfindən 1887 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmin şəxslərdən 51,5 faizi gənclərdən ibarət olub. Bu dövrdə 56 145 nəfər gəncə isə əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib.
Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında təşkil olunan bu aktiv məşğulluq tədbiri də tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədinə yönəlib. Tədbirdə 3-ü dövlət, 44-ü özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub. Həmin müəssisələrin nümayəndələrinin də iştirakı ilə keçən tədbirdə tələbə və məzunlara əmək bazarı, peşə və ixtisaslara olan tələblər haqqında məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılıb. Tədbir zamanı vakant iş yerlərinə göndərişlər verilib, habelə işəgötürənlər tələbə və məzunlardan şəxsi məlumatlar əks olunan CV-ləri qəbul ediblər.
Cari ilin ötən dövründə respublikamızın 7 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 453 müəssisə tərəfindən 2,3 minədək vakant iş yeri təqdim olunub.