...

İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: Beynəlmiləlçilik və vətəndaş həmrəyliyi

Cəmiyyət Materials 1 İyul 2017 13:27 (UTC +04:00)

İri miqyaslı idman tədbirlərinin ümumilikdə cəmiyyətdə rolu və əhəmiyyəti uzun illər müxtəlif prizmalardan, ayrı-ayrı institutlar və alimlər tərəfindən araşdırılmış olsa da, hər bir tədbirin unikal olmasını və davamlı inkişaf edən mühitdə təşkilini nəzərə alaraq bir tədqiqat mövzusu olaraq öz əhəmiyyəti saxlamaqdadır.

Meqa idman tədbirlərinin üstünlük və ya əlverişsizliyinin təhlili haqqında danışarkən, öncə onun hansı təsir kriteriyaları olduğunu müəyyən etmək lazımdır. Belə ki, məhz bu təsir amilləri iri miqyaslı idman tədbirlərinin (eləcə də hər digər meqa tədbirlərin) təşkilinin məqsədi və nəticəsini, qoyulmuş sərmayə və mənfəətin əlverişlilik səviyyəsinin müəyyən edilməsində əsas müzakirə obyekti olmalıdır.

Beləliklə, beynəlxalq iri miqyaslı idman tədbirləri əsasən siyasi, iqtisadi, sosial və ekoloji prizmadan təhlil edilir. Bu təsirlər də özlərində müxtəlif komponenləri birləşdirir.

İdman öz fəlsəfəsinə görə siyasətdən kənar tutularaq, ümumbəşər dəyərlərinə xidmət etmək məqsədi daşısa da, idman və siyasətin daim birgə səslənməsinin şahidi oluruq. İslam Həmrəyliyi Oyunları da öz həcmi və əhatəsinə görə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançılarını İslam Əməkdaşlığı İdman Federasiyası vasitəsilə yarışlara cəlb etmək və bu üzv ölkələr arasında mədəni əlaqələrin, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmişdir. Bununla bərabər idman tədbirləri yüksək səviyyəli siyasi liderlərin qeyri-rəsmi mühitdə ünsiyyəti, ev sahibliyi edən ölkənin idman siyasətinin, eləcə də ölkənin və dövlətin mövqeyi və potensialını nümayiş etdirmək üçün əlverişli imkan yaradır. Tədbirlə bağlı geniş yerli və beynəlxalq auditoriyaya çıxış və medianın diqqətinin artmasını nəzərə alaraq vacib mesajların sürətlə ötürülməsinə gözəl fürsət yaradır. Qeyd etmək lazımdır ki, bu fürsəti hər zaman müxtəlif siyasi qüvvələr öz maraqları və prizmasından istifadə etməyə və cəmiyyətdə rezonans doğurmağa çalışır.

Meqa idman tədbirlərinin iqtisadi təsir effektləri zamana görə müxtəlif olduğundan, bəzən qoyulan sərmayənin özünü doğrultmasına dair şübhələr doğurur. Məsələn, çevik iqtisadi mənfəət gətirən məqam tədbirlərə bilet satışı olsa da, yerli brendlərin beynəlxalq istehlakçıya tanıdılması, turizm sektorunun inkişafına təkan, infrastrukturun inkişafından gələn gəlirlər bir qədər gec, hətta illər sonra görünür, lakin bu gəlirlər uzun müddətli və davamlı iqtisadi təsir göstəricisinə çevrilir.

İdman sahəsi özlüyündə böyük bir sosial sahə olduğu üçün meqa idman tədbirlərinin sosial hədəfləri də digər təsirlərdən daha qabarıq və özündə müxtəlif seqmentləri birləşdirir. Belə tədbirlər yeni iş imkanları, sosial inteqrasiya, özünü inkişaf, multikultural mühitin, ümumbəşər dəyərləri və mədəniyyətin bölüşülməsi və dərk edilməsi üçün münbit şərait yaradır.

Birinci Avropa Oyunları ölkəmizin tarixində təşkil edilən çoxsaylı beynəlxalq idman tədbirlərinin miqyasca ən böyüyü olmuşdur. Oyunların həm beynəlxalq, həm də yerli cəmiyyətdə öz sosial təsirlərinə görə dəyərli iz qoymuş, hər hansı bir vəzifədə tədbirə cəlb olunmuş minlərlə insan (50 ölkədən 6000 idmançı, 15 000 - ə yaxın könüllü və işçi qüvvəsi eləcə də tamaşaçılar) oyunların uğurla başa çatmasına birlikdə böyük səy göstərmiş və beləliklə, onlar böyük bir ailədə birləşmiş, dostlaşmış və anlaşmışlar. 1-ci Avropa Oyunlarının Azərbaycan cəmiyyətinə gətirdiyi böyük töhfə növbəti belə bir idman multi-idman meqa tədbirinin 4-cü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinə sövq etdi. Miqyasına görə təqribən yaxın olan bu iki meqa tədbir ölkəmizdə Könüllülük ənənələrini möhkəmləndirərərk həm beynəlmiləlçilik, həm də vətəndaş həmrəyliyi kimi mühüm mənəvi dəyərlər ətrafında birləşməyə həvəs yaratdı.

Könüllülük fəlsəfəsi, ictimai vacib məsələdə təmənnasız fərdi töhfə və dəstək prinsiplərinə əsaslanan bir hərəkatdır. Heç şübhəsiz ki, hər bir iştirakçı maddi maraq gözləmədən şəxsi vaxtını, əməyini ümummilli məqsədlərə və ümumbəşəri dəyərlərə sərf edərkən, özü də mənən yüksəlir, milli qürur, özünə və xalq birliyinə inamdan güclənir, multikultural mühitdə peşəkar keyfiyyətlərini bölüşən digər insanlar arasında təkmilləşir, sosiallaşır və geniş profe-sional şəbəkədən gələcək karyerası və maraqları üçün faydalanmaq imkanı əldə edir.

Təcrübə göstərir ki, belə mühit insanların davranışının dəyişməsi, steriotiplərin aradan qaldırılması üçün çox təsirlidir. İslam Həmrəyliyi Oyunları da bu qəbildən nəinki Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq mühit üçün gözəl nümunədir. Müasir dünyanın islamofobiya ilə davamlı qorxudulduğu dövrdə, Azərbaycan sivil ənənələrə sadiq bir dövlət kimi müxtəlif dinlərin təmsilçilərini belə br böyük tədbir altında qlobal steriotiplərə qarşı nümunə göstərməyə nail oldu. İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində müxtəlif dini qruplara mənsub minlərlə mütəxəssislər əsl Həmrəylik nümayiş etdirdi - bu həmrəylik insan dəyərləri, idmandan zövq qalmaq, davamlı inkişaf üçün, mədəniyyətlərarası körpülərin qurulması üçün böyük bir təməl idi.

Ölkəmizdə təşkil olunmuş 4-cü İslam Həmrəyliyi Oyunları da, 1-ci Avropa Oyunları kimi öz proqramında fiziki məhdudiyyətləri olan insanlar üçün də öz bacarıqlarını nümayiş etdirmə imkanı yaratmış, həmçinin əlilliyi olan tamaşaçıların idman qurğularına gəlmələri üçün lazımi şərait təşkil olunmuşdur. Belə yanaşma Oyunların sosial inteqrasiya üçün səmərəli istifadəsinə nümunədir.

Unutmaq olmaz, müasir dövrdə idman tədbirləri daha geniş məqsədlərə və təsirlərə malik olsa da onun ilkin məqsədlərindən sağlamlıq və sağlam həyat tərzinin təbliği məsələləri daim aktuallığını qoruyur. Ölkədə təşkil edilən hər bir multi-idman tədbiri əhali, xüsusi ilə gənc nəsl arasında idmana həvəsi artırır, eləcə də fəal həyat tərzinin təbliği istiqamətində aparılan Oyunlar öncəsi layihələr, infrastrukturun möhkəmləndirilməsi, geniş əhali kütləsinin fiziki fəallığına səbəb olur.

İdmanın ən böyük hərəkatı olan Olimpizmdə olduğu, ekoloji məsələlər hər bir böyük id-man tədbirlərinin vacib məqsədlərindən və səmərəlilik təhlilinin əsas faktorlarından biri kimi baxılır. Ümumilikdə, təbiət və ekoloji qayğı nəsillərdən-nəsillərə ötürülən, insan tələblərinin qar-şılanması üçün müasir texlonoloji təsirlərlə ziyan verilmiş və mühafizəyə ehtiyacı olan ümumbəşər dəyəri kimi diqqət mərkəzinə gəlmiş olur. Bir sıra idman növlərinin təşkili üçün təbii şərait tələb edilir. İnsan təbii mühitdən zövq alaraq özünün fiziki və mənəvi keyfiyyətlərini ink-işaf etdirdikdə, təbiətin bütövlüyünü, özünün bir bioloji və sosial varlıq kimi ətraf mühitlə, təbiətlə bağlılığı, asılılığı və birliyini daha yaxşı dərk edir, ona sevgi və qayğısını göstərməyə çalışır. İdmanın kütləviliyinin artırılması və onun hamı üçün əlçatan olması üçün daha çox təbii mühitdə yaradılmış idman meydançalarının, qaçış zolaqlarının, su hövzələrinin istifadəsinə şərait yaradılması vacibdir. Əhalinin ekoloji biliklərini artırmaq və gənc nəsli təbiətisevər tərbiyə etmək üçün idman mütəxəssilərinin idmanın kütləviliyinin təşkili prinsiplərinə və metodlarına baxışlarını daim nəzərdən keçirmək, təbiətin sağlamlaşdırıcı ünsürlərindən geniş istifadəyə sövq etməsi vacibdir. Bir çox milli idman növləri və xalq idman oyunları da məhz təbii şəraitdə təşkil olunmuşdur.

İslam Həmrəyliyi Oyunları çərçivəsində bir çox şərq ölkələri mədəniyyətinə daxil olan zorxana yarışları da qədim ənənələrlə xalqların sıx bağlarını xatırladaraq, idman mədəniyyətinin digər mədəniyyət növləri kimi ötürülən, təkmilləşən, öyrənilən və paylaşılan olduğunu nümayiş etdirdi.

Meqa idman tədbirləri, əsasən də beynəlxalq tədbirlər olduğundan onların məqsəd və me-sajları qlobal problemlərin həllinə yönəlir və ümumbəşər dəyərlərinin təlqin edilməsinə xidmət edir.

Hazırda bütün dünya ölkələri üçün əsas istiqamaət olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri kimi formalaşdırılmış 17 hədəfi ilə dünya cəmiyyətinin ümumi fira-vanlığı, sağlığı, bərabər hüquqlu, inteqrasiyalı olması üçün bütün üzv dövlətləri məsuliyyətləndirərək müvafiq işlər görməyə dəvət edir. Bütün bu hədəflərə nail olmaq üçün id-man tədbirləri dolayı vasitə olsa da çox əlverişlidir. Yuxarı qeyd etdilən təsir imkanları da məhz bunu təsdiq edir.

4-cü İslam Həmrəyliyi Oyunları da öz realizasiyası ilə sadalanan bir çox təsir obyekləri ilə bərabər cəmiyyətə xüsusi mesajlar ötürmüş, SÜLH, HÖRMƏT, MÜKƏMMƏLLİK və BİRLİK kimi vacib dəyərlərə bu Oyunlar çərçivəsində diqqəti yönəltməyə çalışmışdır.

Qlobal və multikultural dəyərlərə söykənən dövlətimizin idman strategiyası və siyasətinə əsasən, böyük idman tədbirlərinə ev sahibliyi edərək, o cümlədən 4-cü İslam Həmrəyliyi Oyunları ərzində bütün iştirakçılar sülh, hörmət, mükəmməllik və birlik kimi dəyərlərlə əhatə olunaraq, geriyə öz vətənlərinə, dostlarına və ailələrinə bu dəyərləri qəlblərində, ruhlarında və düşüncələrində apardıqlarına inanır, hər bir insan və millətin birgə firavan yaşamı üçün vacib olan bu keyfiyyətləri paylaşaraq daha gözəl dünya qurmağa cəhd etduklərinə ümid edirik.

Səlhət Abbasova
fəlsəfə doktoru,
Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti