Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyət məlumat alacaq.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə fəaliyyət Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir:
"Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmunlu proqramın - kurrikulumun tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, bu layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu istiqamətdə işlər daim həyata keçirilir. Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib. İctimaiyyət bu proses üzrə görülən işlərdən məlumat alacaq".