...

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olundu

Cəmiyyət Materials 4 Oktyabr 2017 11:34 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub.
Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olundu

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub.

Trend-in məlumatına görə, məlumat bankının bu gün keçirilən təqdimat mərasimində çıxış edən BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev deyib ki, məlumat bankının olması bu sahədəki dinamikanı müşahidə etməyə imkan verəcək.

Onun sözlərinə görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” qaydalarını təsdiq edib.

Azərbaycan Prezidentinin fərmanına əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun tərəfindən birgə həyata keçirilən “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının direktoru Mikaela Meredis bildirib ki, Agentlik “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” adlı 2 illik gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verir.

Layihə GƏZ ilə daha səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün sözügedən zorakılıq hallarının səbəb və nəticələri haqqında sistemli və standartlaşdırılmış bilik və məlumatların emal edilməsini aparır.

Layihənin məlumatların toplanması və emalı komponentləri Azərbaycanda gender əsaslı zorakılığın azaldılması üçün effektiv qabaqlayıcı, müdafiə və hesabatlılıq mexanizmlərin təkmilləşdirilməsi üçün münbit hüquqi və siyasi mühitin formalaşmasına yardım edəcək. Bu məqsədlə layihə çərçivəsində bütün iştirakçı tərəflərin qadın hüquqlarının müdafiəsi və təbliği üçün lazımi qaydada vəzifələrinin bölgüsünü əks etdirəcək xüsusi icra mexanizmi və strateqiyasının yaradılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti