Bakı. Trend:
"Buta Airways" şirkəti Avropa İttifaqı (Aİ) xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkədəki səfirliyimizin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
N.Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq, Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirib. Ölkəmiz tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi Şimal-Cənub layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək, hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb. “Buta Airways” şirkətinin Aİ xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Aİ ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.
120 nəfərin iştirak etdiyi tədbirə Bolqarıstanın 44-cü xalq məclisinin sədr müavini Valeri Jablyanov, Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid və sədr müavini Dimitr Qeorgiyev, Bolqarıstanın Ticarət və Sənaye Palatasının baş katibi Vasil Todorov, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Mərkəzi Asiya üzrə regional meneceri Yordan Karamalakov, Bolqarıstanın Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat İnformasiya Texnologiyaları və Rabitə nazirliklərinin nümayəndələri, avia və turizm şirkətlərinin təmsilçiləri, tur operatorlar və Bolqarıstanın Milli Televiziya, Bloomberg TV Bolqarıstan, “Bulgaria On Air” daxil olmaqla 10-a yaxın KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açılış hissəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə iştirak ediblər.
İ.Qeorqiyeva Bolqarıstanın turizm potensialından, eləcə də son illərdə bu sahənin intensiv inkişafından bəhs edərək ölkəsinin Azərbaycan üçün maraqlı turizm istiqaməti olacağını, birbaşa hava əlaqəsinin iki ölkə arasında turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib. O, Bolqarıstanın Turizm Nazirliyinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə həm ikitərəfli əsasda, həm də Ümumdünya Turizm Təşkilatı daxil olmaqda çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyini bildirib. Hər iki ölkədə təşkil olunan turizm sərgilərində müqabil tərəfin fəal iştirakının alğışlandığını qeyd edən nazir müavini cari ilin aprel ayında Bakıda baş tutmuş 17-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində Bolqarıstanın milli stendlə təmsil olunduğunu vurğulayıb.
C.Manizadə “Buta Airways” avia şirkətinin artıq 1 il fəaliyyət göstərdiyini, bu müddət ərzində şirkətin təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət nailiyyətlər əldə etdiyini qeyd edib. Bakı-Sofiya-Bakı birbaşa hava əlaqəsinin açılması ilə bağlı hazırda aparılan işlər barədə məlumat verən C.Manizadə bu reysin uğurlu və davamlı olacağına ümidi ifadə edib.
Sonra “Buta Airways” şirkətinin nümayəndələri tərəfindən şirkət, onun fəaliyyəti, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, eləcə də həyata keçiriləcək uçuş haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırıb. Tədbir “SilkWay Travel” şirkətinin Azərbaycanın turizm potensialını əhatə edən təqdimatı və iştirakçılar üçün hədiyyələr nəzərdə tutan lotereya ilə davam etdirilib. Sonda nahar zamanı, Azərbaycan şərab və şirniyyatların dequstasiyası təşkil edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən Bakı-Sofiya istiqaməti üzrə birbaşa aviareysin açılması nəzərdə tutulur. Aviareysin Bolqarıstanda təşviqi, eləcə də Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Aviasiya Günü - 7 dekabr tarixində Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsinin təqdimatı keçirilib.