...

BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2018 14:20 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.
BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

Ali Məktəbdən Trend-ə verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.

Layihənin BANM-ın Konfrans zalında keçirilən yekun mərhələsində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Abbas Əlili və Süleyman Süleymanzadə, Ali Məktəbin və digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbiri öz səmimi sözlərilə açan layihə rəhbəri Ayaz Səmədli bütün iştirakçıları salamlayıb və layihə haqqında ümumi məlumat verib.

On təlimdən ibarət olan layihə 11 dekabrdan etibarən təlimlərə başlayıb. Layihədə iştirak müsabiqə yolu ilə keçirilib və seçimdə qalib gələn ilk 28 nəfər iştirak hüququ qazanıb. Təlimlərdə ölkənin altı aparıcı universitetindən olan tələbələr və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri iştirak ediblər. Layihə iştirakçıları təlimlər müddətində alqoritmlər və data strukturlar haqda geniş məlumat əldə edib, öyrəndikləri nəzəri bilikləri praktiki olaraq avtomatik kod qiymətləndirmə sistemi olan e-olymp.com saytı üzərindən tətbiq ediblər. Onlar alqoritmlərin vacibliyi və tətbiq sahələrini mənimsəyib və gələcəkdə öyrəndikləri bilikləri daha da möhkəmləndirmək üçün müvafiq istiqamətləndiriliblər. Təlimin sonunda iştirakçıların öyrəndiyi bilikləri tətbiq etməsi və özlərini yoxlaması üçün xüsusi yarış keçirilib.

Sonda BANM-ın müəllimləri tələbələrə uğurlar arzulayıb və öz dəyərli məsləhətlərini veriblər. İştirakçılar isə layihə haqqında öz fikirlərini və burada öyrəndiklərini necə və hansı istiqamətdə istifadə edəcəkləri haqda danışıblar.

Təlimlərdə uğurla iştirak edən gənclər sertifikatla təltif olunub, yarışın qaliblərinə isə müxtəlif hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti