...

DİM: Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir

Cəmiyyət Materials 2 Mart 2018 11:45 (UTC +04:00)
Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazasında qeydiyyata alınır.
DİM: Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazasında qeydiyyata alınır.

Mərkəzdən Trend-ə verilən məlumata görə, martın 1-də DİM tərəfindən bu il yanvarın 11-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 110 müsahibədən 56-sı baş tutub, 54 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 21-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib:

"Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər. Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti