...

Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 May 2018 17:29 (UTC +04:00)
Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, tədbir gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünə inam, Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək məqsədilə təşkil olunub.

C.Bayramov ölkə baçşısı İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu müvafiq tədbirlərin təşkilinin gənclərə doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirib.

Nazir qeyd edib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm əhəmiyyətə malik işlər görülüb: "Cümhuriyyət dövründə Bakı Dövlət Universitetinin təsis olunması ilə Azərbaycanda gələcək ali təhsil şəbəkəsinin yaradılması üçün əsas qoyulub. Gələn il Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunacaq".

C.Bayramov deyib ki, müstəqil Azərbaycan hər zaman Cümhuriyyətin tarixinin öyrənilməsinə diqqətlə yanaşıb: "Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi və təqdim olunması gənclərimizin Vətənə olan sevgisini daha da gücləndirəcək".

Tədbirdə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixindən, 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin fəaliyyətindən, XX əsrin sonlarında ölkənin öz müstəqilliyini yenidən bərpa etməsindən sonra Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyasından, Ümummilli Liderin əsasını qoyduğu tərəqqi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin inkişafındakı rolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbirdə 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olunub.

Daha sonra şagirdlər Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti