...

Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü Bolqarıstanda təntənəli qeyd olunub

Cəmiyyət Materials 25 May 2018 19:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan xalqının tarixinə böyük və əlamətdar hadisə kimi daxil olmuş 28 May - Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Sofiya şəhərinin nüfuzlu məkanlarından “Sofiya Balkan” oteldə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, energetika naziri Temenujka Petkova, Dövlət Kəşfiyyat Agentliyinin sədri Draqomir Dimitrov, Elmlər Akademiyasının Prezidenti Yulian Revalski, vitse-prezidenti Vasil Nikolov, Azərbaycan – Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid, XİN-in ikitərəfli münasibətlər üzrə baş direktoru Kostadin Kocabaşov, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet və hərbi akademiyaların rektorları, muzey direktorları, həmçinin ölkənin siyasətçiləri, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərlik etdiyi xor qrupunun ifasında Azərbaycan və Bolqarıstan dövlət himnləri səsləndirilib.

Qəbulu giriş sözü ilə açan səfir Nərgiz Qurbanova Azərbaycanın Milli Günündə qonaqları salamlamaqdan fəxr hissi keçirdiyini bildirib. Mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu ifadə edən səfir bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin məhz 1918-ci il mayın 28-də elan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın Milli Şurası tərəfindən 100 il əvvəl “Müstəqillik Bəyannaməsi”nin elan olunmasının Azərbaycan dövlətçiliyinin parlament demokratiyası formasında bərpa olunduğu tarixi hadisə kimi vurğulayan N.Qurbanova həmin günü Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğunu qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli demokratiya, qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olub.

Birinci Dünya Müharibəsinin çox mürəkkəb daxili və beynəlxalq siyasi mühitində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk günlərindən ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, onun parlament və hökumətinin bir çox mühüm qərarlar həyata keçirdiyini ifadə edən səfir N.Qurbanova öncəki dövrdə demokratik dövlətçilik təcrübəsi olmasa da, bunun Azərbaycan Xalq Cümhuriyyəti liderləri üçün maneə törətmədiyini, demokratik arzu və mütərəqqi mənəvi gücün rəhbərliyində onların yaxşı fəaliyyət göstərən demokratik dövlət və cəmiyyət qurmağa müvəffəq olduqlarını bildirib.

Azərbaycan Xalq Cümhuriyyətində yaşayan bütün millətlərin həm hökumət, həm də 11 fraksiyada əhatə olunmuş 120 nəfərlik Milli Parlamentdə təmsil olunduğu qeyd edən səfir mövcud olduğu iki il ərzində Milli Parlamentin 230 qanun qəbul etdiyini diqqətə çatdırıb. Cümhuriyyətin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün göstərilən səylər barədə məlumat verən N.Qurbanova Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasına nail olunması barədə iştirakçıları məlumatlandırıb.

Səfir əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan müasir, dünyəvi və öz tarixi ilə qürur duyan müstəqil dövlətdir və böyük arzularla gələcəyə baxaraq canlı və multikultural cəmiyyətin inkişafı yolunda əmin addımlarla irəliləyir. Ölkəmiz regional iqtisadi əməkdaşlığa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin mədəniyyətlərarası dialoqa dünya miqyasında töhfə verməyə davam edir.

26 il əvvəl diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycan və Bolqarıstan arasında mükəmməl ikitərəfli əlaqələr və aktiv siyasi dialoqun olmasından danışan səfir bu illər ərzində qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu vurğulamışdır. 2015-ci ilin mart ayında münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, Bolqarıstanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına birmənalı dəstəyini yüksək qiymətləndirildiyini vurğulayan N.Qurbanova Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu və xalqlarımızın xeyrinə bolqar dostlarla qarşılıqlı əlaqələrimizi gücləndirməyə qərarlı olduğumuzu qonaqların diqqətinə çatdırıb.

Səfirin çıxışından sonra fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova və energetika naziri Temenujka Petkova çıxış ediblər.

İ.Yotova 1918-ci il mayın 28-də İslam Şərqində elan olunmuş ilk dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində çıxış etməsinin şəxsi üçün böyük şərəf olduğunu ifadə edərək Bolqarıstan Respublikası Prezidenti və şəxsən öz adından Azərbaycan xalqını təbrik edib.

Birinci Dünya müharibəsinin sonunda, Şərqdə bir qrup insan tərəfindən respublika və parlamentin yaradılmasının, demokratiya və parlamentarizmdən bəhs edən “İstiqlal Bəyannaməsi”nin elan olunmasının çox məşəqqətli olduğunu ifadə edən ali qonaq son dərəcə mürəkkəb tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən məktəb, uşaq bağçası, ali təhsil müəssisələrinin açıldığını, parlamentin Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdiyini xatırlayıb.

Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən duyulan məmnunluğu ifadə edən İ.Yotova 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində uğurla həyata keçirilmiş yüksək səviyyəli səfərlər nəticəsində iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, eyni zamanda genişləndirilməsi üçün yeni imkanlar yaradıldığını qeyd edib. Birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək, iki ölkə arasında daha çox əlaqə yaratmağa kömək edəcəkdir deyən ali qonaq Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafının bu ilin əvvəlindən Sofiya ilə Bakı arasında birbaşa müntəzəm təyyarə reysinin açılması ilə daha da asanlaşdığını qeyd edib. Vitse-prezident əlavə edib ki, Aİ Şurasına sədr kimi Bolqarıstan Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir. Bunun xaricində İ.Yotova bolqarların Şərqin rəmzləri ilə düşündükləri Azərbaycanı sadəcə iqtisadiyyat, enerji, qaz və nəqliyyat sistemində sabit və etibarlı tərəfdaş kimi deyil, eyni zamanda mədəniyyətinin dərin kökləri və minillik ənənələri olan ölkə kimi dəyərləndirdiyini söyləyib.

Daha sonra IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün 2017-ci ilin may ayında Bakıya səfərini xatırlayan vitse-prezident Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı təəssüratlarından danışıb, mədəniyyətlər, irqlər, dinlər və millətlərin harmoniyasına nail olmaq baxımından mədəniyyətlərarası dialoqun mühüm vasitələrdən biri olduğunu vurğulayıb. Çıxışının sonunda dostla bağlı böyük Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirən ali qonaq Bolqarıstan ilə Azərbaycan arasında yaranmış dostluq əlaqələrini xüsusilə qeyd edib.

Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova isə əlamətdar günlə bağlı xoş fikirlərini səsləndirmiş, ölkələrimiz arasında münasibətlərin möhkəmləndiriməsinin vacibliyini vurğulayıb. Bu baxımdan dost Azərbaycan və bolqar xalqları arasında böyük perspektivlərin olduğunu ifadə edən qonaq ölkələrimiz arasında münasibətlərin çox yüksək səviyyədə olmasını qeyd etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Energetika, iqtisadiyyat, elm, təhsil daxil olmaqla bütün sahələrdə böyük əməkdaşlıq imkanlarının olmasından danışan T.Petkova Azərbaycanın Bolqarıstan üçün böyük dost olduğunu ifadə edib. Qonaq Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinə toxunub və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışıb. Çıxışının sonunda energetika naziri Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzusunu ifadə edib.

Rəsmi çıxışlardan sonra qəbulla bağlı Bolqarıstan Respublikası yüksək dövlət rəsmiləri və ictimaiyyətinin nümayəndələri – Bolqarıstan Respublikası Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini və müdafiə naziri K.Karakaçanov, dövlət kəşfiyyat agentliyinin sədri D.Dimitrov, gömrük agentliyinin direktoru Q.Kostov, müdafiə qərargahın rəhbəri A.Botsev, G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Q.Angelov və digər rəsmi şəxslərin, Bolqarıstan müsəlmanları Baş müftisi, həmçinin bir sıra şəhərlərin mer və qubernatorları tərəfindən ünvanlanmış təbrik məktubları oxunub.

Qəbulda istedadlı bolqar musiqiçilərin ifasında nadir Azərbaycan mahnılarının səsləndirildiyi canlı musiqi gecəsi təşkil olunmuş və qəbul ziyafətlə davam edib. Ziyafətdə qonaqlara həmçinin Azərbaycan təam və içkiləri təqdim olunub.

Tədbirdə baş prodüseri Arzu Əliyeva olan və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə çəkilmiş “Əbədi ezamiyyət” bədii-sənədli filmi bolqar dilinə tərcümə edilərək alt yazı ilə nümayiş olunub. Filmin səhnələnməsi qəbulda iştirak edən qonaqları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi missiyası və Azərbaycanın dövlətçilik tarixi haqqında məlumatlandırmağa, Bolqarıstan cəmiyyətində xalqımızın nisbətən az məlum olan səhifəsinə işıq salmağa, xalqımızın və dövlətimizin hazırki uğurlara çatmaq naminə keçdiyi kəşməkəşli yol barədə bilgiləndirməyə imkan verib. Qəbulda həmçinin səfirlik tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı olmasını təsvir edən loqotip nümayiş olunub.

Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş sonuncu buraxılışı və bolqar dilində nəşr olunmuş “Müasir Azərbaycan antologiyası” kitabından ibarət sərgi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti