...

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələrini düşmən qüvvələrin Azərbaycan cəmiyyətində nifaq salmaq cəhdi kimi qiymətləndirir

Cəmiyyət Materials 11 İyul 2018 17:04 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələrini düşmən qüvvələrin Azərbaycan cəmiyyətində nifaq salmaq cəhdi kimi qiymətləndirir

Bakı. İlhamə İsabalayeva - Trend:

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda qeyd edilir:

"Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və Haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə həyata keçirməyə çalışırlar. Bu cinayət əməllərində Allahın yaratdığı insanın qətlə yetirilməsini bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.

Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.

Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Təaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk.

Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcək.

Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar.

Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!"

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti