Bakı. İlhamə İsabalayeva - Trend:
22 iyul – Milli Mətbuat Günü və 28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü münasibətilə Səhiyyə Nazirliyinin dəstəyi ilə iyulun 20-də ölkənin aparıcı media qurumlarının nümayəndələri Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) qastroenteroloq-hepatoloqun konsultasiyasından, həmçinin hepatit B və C-yə görə testdən ödənişsiz olaraq keçiblər.
Trend-in məlumatına görə, müayinə “Türkiyə Qastroenteroloji Dərnəyi”nin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılıb.
C.Kamilli müsahibəsində əhalini qaraciyərə zərər yetirən hepatitlərlə mübarizə aparmağa, sağlamlığın qayğısına vaxtında qalmağa çağırıb. Həmçinin iyulun 25-27-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində əhali üçün keçiriləcək hepatoloji kampaniyada hər kəsi fəal olmağa çağırıb.
Məlumat verib ki, kampaniyada iştirak edənlər pulsuz həkim-hepatoloqun konsultasiyasını alacaq və həkim tərəfindən təyin olunan laborator müayinələrə 20% endirimdən faydalanacaqlar.