...

Azərbaycanda gənc səfirlərin seçimi başlayır

Cəmiyyət Materials 12 Sentyabr 2018 16:10 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Trend-in məlumatına görə, layihənin 2014-2016-cı illərdə uğurlu icrası nəzərə alaraq Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı layihənin davam etdirilməsi barədə razılığa gəliblər.

Layihə 3 istiqamət üzrə fəaliyyət göstərir:

  • Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı.
  • Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması.
  • Azərbaycanda BMT Modeli hərəkatının möhkəmləndirilməsi və genişləndirilməsi.

Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına töhfə verməkdir.

Gənc Səfirlər 14-29 yaşlı Azərbaycan vətəndaşları arasından seçiləcək və 2 il müddətində fəaliyyət göstərəcəklər.

Gənc Səfirlərin sayı 17-dən çox ola bilməz: bir DİM üzrə yalnız 1 nəfər Gənc Səfir seçilə bilər.

Gənc Səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.

Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə Gənc Səfirlərin seçimi 2 mərhələdə həyata keçiriləcək:

İlk öncə işçi qrup nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaq. Daha sonra, Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndlərindən ibarət heyət qısa seçim siyahısında olan namizədləri yekun müsahibə əsasında qiymətləndirib son seçim barədə qərar verəcək.

Seçilmiş DİM üzrə Gənc Səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində, DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə Gənc Səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və digər uyğun tədbirlərdə iştirakı nəzərdə tutulur.

Hər bir Gənc Səfir üçün meyarlar, tələblər və fəaliyyət istiqamətləri haqqında dolğun məlumata sahib olmaq üçün aşağıda qeyd olunan hər bir Dayanıqlı İnkişaf Məqsədi üzrə Şərtlər Toplusunu diqqətlə oxuyun. Keçiddəki müraciət formasını doldurun: https://goo.gl/forms/ZzdN0Fej9P6d8UEn1 Bu zaman sizdən həmçinin öz CV-nizi və motivasiya videonuzu yükləmək istəniləcək. Zəhmət olmasa qeyd olunan bütün şərtləri diqqətlə izləyin. Nəzərə alın ki, ərizədə qeyd olunan şərtlərin hər birini tamamlamasınız, müraciətiniz qeydə alınmayacaqdır. Müraciət üçün son tarix 17 sentyabr 2018-ci il, Bakı vaxtı ilə 23.59-dur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti