Bakı. Samir Əli - Trend:
Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar.
Şəhidlər Xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbulu memarı xalqımızın ümummilli lideri Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi ilə keçirilən müsabiqədə seçilmiş ən layiqli namizədlər bu gün müxtəlif vəzifələrə təyinatlar alıblar.
Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 85 namizədin andiçmə mərasimi Azərbaycan Prokurorluğunun 100 illik yubileyinə təsadüf edir. Bu gün hərtərəfli inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür.
Xüsusi vurğulanıb ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir.
Diqqətə çatdırılmışdır ki, 2000-ci il aprelin 26-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilmiş 873 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 67 faizini təşkil edir. Müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssislər vəzifədə irəli çəkiliblər.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, Müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içiblər.
Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Baş prokuror Z.Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.
Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.