Bakı. Samir Əli - Trend:
Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.
E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, dekabrın 20-də naməlum şəxs Fariz Vahabova yaşadığı evin həyətində bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.