Bakı. Trend:
2018-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiyaya pomidor ixracını artırıb.
Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
Onun sözlərinə görə, ötən ilin rəsmi statistikası hələlik açıqlanmasa da, əldə olunan məlumatlar 2018-ci ilin göstəricilərinin 2017-ci ildən daha yüksək olacağını gözləməyə əsas verir:
“Əgər 2017-ci ildə Rusiyaya 150 min ton pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu rəqəm artıq oktyabrda qeydə alınmışdı. Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yer tutur. Yaxın zamanlarda statistik məlumatlar regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfrans çərçivəsində açıqlanacaq”.
Məhsulun keyfiyyətinə gəldikdə isə, B.Quliyev bildirib ki, bu baxımdan ciddi problem müşahidə olunmur, yerli məhsul yüksək keyfiyyətə malikdir və tərkibində GMO yoxdur:
“Azərbaycana GMO məhsullarının gətirilməsi qadağan olunub və bu, dövlət səviyyəsində nizamlanır. İstehsalçılar dövlət reyestrrinə daxil olan toxumları satın alır. İxrac və daxili bazar üçün nəzərdə tutulmuş meyvə-tərəvəz məhsullarının keyfiyyətinin yoxlaması demək olar ki, hər gün keçirilir. Bu məsələ Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Yoxlamalar həmçinin ticarət məntəqələrində də keçirilir. Ona görə də istehlakçılar məhsulların keyfiyyətindən əmin ola bilər”.