...

Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 18 Fevral 2019 07:45 (UTC +04:00)
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsi
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsi

- Bildiyimiz kimi, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsinə az vaxt qalır. Yarışa hazırlıq işləri nə yerdədir?

- Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsinə hazırlıq işləri qrafikə uyğun davam edir. Tikinti işlərinə nəzər yetirsək, artıq Pit binasında olan işlər tam qüvvəsi ilə gedir. Binanın əsas quruluşu hazırdır, artıq binanın içərisində işlər görülür. Digər tərəfdən, trekdə beton blokların yerləşdirilməsinə başlanılıb və növbəti aydan etibarən tribunaların quraşdırılmasına, həmçinin Dənizkənarı Milli Parkın ərazisində işlərə başlanılacaq.

Bütün işlər yarış həftəsinin əvvəlində tam yekunlaşacaq. Yarış şəhərin mərkəzində olduğu üçün yolları bağlaya bilmirik, ona görə də son işlər yarış həftəsinin ilk günlərində həyata keçiriləcək. Hazırda işlər elə aparılır ki, insanlara heç bir narahatlıq törədilmir. İşləri əsasən gecə saatlarında görməyə çalışırıq ki, insanlar əziyyət çəkməsinlər.

Yarış həftəsi ərzində işlər daha çox olacaq. İndidən insanlardan üzr istəyirik, çünki Qran Pri zamanı müəyyən narahatlıqlar olur, yollar bağlanır. Bu Qran Pri Azərbaycan üçün böyük dividentlər gətirir. Ona görə də insanlarımızdan çox xahiş edirik ki, bunu səbrlə, anlayışla qarşılasınlar.

- Bilet satışı ilə bağlı vəziyyət necədir?

- Məlum olduğu kimi, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb.

Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Bir məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq.

- Əvvəlki Qran Prilərdə Rusiya, İngiltərə və ərəb ölkələrindən bilet alanların sayı daha çox idi. Bəs indi hansı ölkələr irəlidədir?

- İndi də Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya və həmçinin ərəb ölkələri böyük maraq göstərir. Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk Formula 1 yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır.

- Formula 1 yarışının ölkəmizdə daha 3 il müddətinə uzadılması indiyə qədər keçirilən yarışların uğurlu olmasından xəbər verir. Bu barədə Sizin də fikirlərinizi bilmək istərdik.

- Bildiyiniz kimi, Formula 1-in Azərbaycanda keçirilməsi ilə bağlı ilk müqavilə beş illik idi, yəni yarışlar beş il, 2020-ci ilə qədər mütləq şəkildə Azərbaycanda keçirilməli idi. Ondan sonra artıq hər iki tərəf müqavilənin şərtlərinə yenidən baxa, dəyişikliklər edə, müddəti uzada və ya xitam verə bilərdi. Biz ilk dəfə müqavilə imzalayanda Formula 1-ə Berni Ekklstounun komandası rəhbərlik edirdi. İndi isə Formula 1-in rəhbərliyi dəyişib, artıq idarəçilik "Liberty Media" şirkətinə məxsusdur. Yeni rəhbərlik siyasəti dəyişib, daha çox azarkeş cəlb etmək üçün başqa bir strategiya seçib.

Biz də artıq neçə ildir Qran Pri keçirdiyimiz üçün bilirdik ki, müqavilənin hansı məqamlarına toxunmaq, onları yeniləmək istəyirik. Bu baxımdan biz də "Liberty Media" ilə birgə çalışaraq, müqavilənin bütün şərtlərini yenidən nəzərdən keçirərək danışıqlara yekun vurduq və müqaviləni növbəti 3 il müddətinə uzatdıq.

Nəzərinizə çatdırım ki, yeni müqavilə bizim üçün daha sərfəlidir, çünki köhnə müqavilədə elə hüquqlar var idi ki, artıq o hüquqlar Azərbaycana aiddir. Həmçinin elə məsələlər var idi ki, onlar işlənməmişdi, indi isə biz Formula 1 yarışından yeni gəlir mənbələri tapmışıq. Bu baxımdan nəticələrlə razıyıq.

- Formula 1 ilk dəfə Azərbaycanda təşkil ediləndə bildirilirdi ki, yarış 10 il Bakıda keçiriləcək. İndi isə bu müddətin 8 il olduğu dəqiqləşdi. Növbəti iki il, yəni 2025-ci ilədək keçiriləcəyi ilə bağlı bir söz demək mümkündür?

- İndiki mərhələdə onu demək olar ki, həm Formula 1, həm də Azərbaycan bu yarışın ölkədə qalmasını istəyir. Müqavilənin daha 3 il uzadılması məhz onun göstəricisidir ki, hər iki tərəf bu yarışı keçirməkdə maraqlıdır.

- Müqavilədəki yeni məqamlar haqqında məlumat verə bilərsinizmi?

- Təəssüf ki, müqavilənin şərtləri sirr olduğu üçün bu barədə çox danışa bilmirik. Ancaq yenə qeyd edirəm ki, bu, əlavə gəlir mənbələri, yəni sponsur hüquqları və s.-dir. Yeni müqavilə Azərbaycan üçün daha əlverişlidir.

- Bakının Formula 1 yarışlarına bir neçə ildir ev sahibliyi etməsinə baxmayaraq, ölkəmizdə keçirilən Qran Pri dünyada ən yaxşı yarışlar siyahısına daxil ola bildi. Sizcə, bunun səbəbi nə idi?

- Səmimi deyim ki, bu barədə mən fəxrlə danışıram. Biz cəmi 3 Qran Pri keçirmişik və onlardan ikisi media və Formula 1 azarkeşləri tərəfindən ən yaxşı Qran Prilər sırasına daxil olub. Azərbaycan Qran Prisinin ən yaxşılar siyahısına daxil olması həqiqətən bizim uğurumuzdur.

Bizim trekin konfiqurasiyası çox maraqlıdır. Həm güclü rəqabət aparmaq, həm də ötmələr etmək baxımından əlverişlidir. Bakıda baş tutmuş son iki yarışda güclü rəqabət qeydə alınıb, həmin Qran Prilərin nəticələri gözlənilməz olub. Buna görə də ölkəmizdə keçirilən yarışlar çox maraqlı olub. Ümid edirik ki, bu il də maraqlı mübarizə görəcəyik.

- Qeyd etdiniz ki, Formula 1-in yeni rəhbərliyi strategiyaya yeniliklər edir. Bu baxımdan Azərbaycanın da yarışla bağlı hər hansı yeniliklər etməsi mümkündürmü?

- Formula 1 rəhbərliyi Azərbaycan Qran Prisini çox bəyənir, Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri də bunu dəfələrlə öz müsahibələrində qeyd edib. Fikrimcə, onlar şəhər treklərinin artırılmasının tərəfdarıdırlar və Bakını bir model olaraq görürlər. Bu bizi çox sevindirir.

Yeniliklərə gəlincə, trekin konfiqurasiyaları dəyişmir, tribunalar dəyişmir. Yeniliklər, adətən, əyləncə proqramı ilə bağlı olur. Builki yeniliklərə gəlincə, ötən il həm konsertlər, həm də yarışdan sonrakı tədbirlər Kristal Zalında keçirilirdisə, bu il həmin tədbirlər "Elektra Events Hall"da keçiriləcək. Bundan başqa, bulvar ərazisində yeni oyun zonaları, yeni əyləncələr və s. təşkil ediləcək.

Konsertlərdə çıxış edəcək dünya ulduzları ilə də danışıqları yekunlaşdırırıq və bir müddən sonra Bakıya hansı müğənnilərin gələcəyini açıqlayacağıq.

- Formula 1 yarışının Azərbaycanın dünyada tanınmasına, ölkə iqtisadiyyatının, xüsusən turizm sektorunun inkişafına töhfələri böyükdür. Bununla bağlı Sizin də fikirləriniz maraqlı olardı.

- Formula 1 artıq üç ildir ki, ölkəmizdə keçirilir. Dönüb geriyə baxdıqda görürük ki, bu yarış Azərbaycana böyük faydalar verib. Həm turizm sektorunun inkişafı, həm də ölkəmizin tanıdılması baxımından çox faydalı olub. Formula 1-in 500 milyon auditoriyası var. Yəni 500 milyon insan Formula 1 təqvimini, bütün Qran Priləri izləyir.

Məhz Azərbaycan Qran Prisinə gəldikdə, ötən il Bakıdakı yarışı televiziyada canlı yayımda izləyən tamaşaçıların sayı 83 milyon olub. Bu, çox böyük rəqəmdir. Bura yarışa internet vasitəsilə baxan, il ərzində Azərbaycan haqqında mediada məlumatları izləyən insanlar daxil deyil.

Digər tərəfdən, iki il ardıcıl olaraq "Twitter"də Azərbaycan Qran Prisi ilə bağlı heşteq 1-ci yerdə olub. Təsəvvür edin, nə qədər insan Azərbaycan Qran Prisi haqqında yazıb, paylaşımlar edib ki, biz "Twitter"də qlobal trendlər arasında 1-ci yerdə olmuşuq. Bu, ölkəmizin tanıdılması baxımından çox böyük işdir.

Bütün bunlar əlbəttə ki, turizmin, ölkə iqtisadiyyatının inkişafına gətirib çıxarır. Biz 1-ci və 2-ci Qran Prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq üçün "PwC" şirkətinə müraciət etdik və onlar araşdırma apardılar. Məlum oldu ki, 2016 və 2017-ci il Qran Prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib. Burada böyük bir hissə turizm sektoruna aiddir.

Eyni zamanda, bizim Formula 1 yarışı ilə bağlı xərclərimiz azalır. Belə ki, əgər birinci il asfalt qatını yeniləyirdiksə, infrastrukturu qururduqsa, indi asfalt qatı yenilənmir, bütün qurğular, tribunalar bizə məxsusdur, biz hər il onlardan istifadə edirik. Reklam xərclərimiz də azalıb, çünki birinci il tanıtım üçün vəsait sərf edirdiksə, indi buna ehtiyac yoxdur, çünki insanlar Azərbaycan Qran Prisini tanıyır və bəyənirlər.

Yəni ildən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, lakin gəlirlərimiz artır. Biz Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bundan sonra da çalışacağıq ki, Azərbaycan Qran Prisinə tamaşa etmək üçün gələn hər bir insan razı getsin, ölkəmizi sevsin və bura yenidən gəlmək istəsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti