...

Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2019 17:34 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib.
Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə soyqırım zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib.

Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinlərindən ibarət 613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Çoxsaylı şəxs əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Xocalı şəhərinin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasından bəhs edən nazir bu kampaniyanın əhəmiyyətini vurğulayıb. O diqqətə çatdırıb ki, bu kampaniyanın əhatə etdiyi ölkələrin sayı daim artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

S.Babayev ötən dövrdə artıq bir çox ölkələrin (Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay) parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıdıqlarını deyib. Nazir qeyd edib ki, həmçinin ABŞ-ın 22 ştatının qanunverici orqanları Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edib.

Görüş zamanı “Erməni təcavüzünün tanıdılması” İB-nin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Dünyada Xocalı soyqırımının tanıdılması” İB-nin sədr müavini, canlı şahid Mürvət Məmmədov, Xocalı şəhəri 2 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri Murad Hüseynov və Həmayıl Xəlilova 27 il əvvəl şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının Xocalı sakinlərinə, ümumən insanlığa qarşı törətdikləri vəhşikliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.

Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib, bu sahədə, həmçinin onların səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan işlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti