...

Rezidenturaya qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 3 Aprel 2019 10:51 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir
Rezidenturaya qəbul imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14‑dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 358 nəfəri oğlan, 572 nəfəri isə qızlardır. Namizədlərdən 319-u cari ilin, 611-i isə əvvəlki illərin məzunlarıdır, 13 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün aprelin 1-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti