...

Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir (FOTO)

Cəmiyyət Materials 16 May 2019 16:08 (UTC +04:00)
Filialda 150 kavadratmetrə yaxın xalça toxunub.
Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir (FOTO)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialında 150 kavadratmetrə yaxın xalça toxunub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ötən il fəaliyyətə başlayan xalça istehsalı emalatxanalarından biri də Cəbrayıl filialıdır.

Prezident İlham Əliyevin “Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 3 aprel 2018-ci il tarixli Sərəncamı qısa müddət ərzində uğurla icra olunub.

Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb, 2018-ci ilin dekabr ayından burada məhsul istehsalına başlanılıb. Filial öz fəaliyyətini günü-gündən genişləndirir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Cəbrayıl filialında olub, istehsal prosesi ilə maraqlanıb, toxucularla görüşüb.

Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva məlumat verib ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 150 kavadratmetrə yaxın xalça toxunub.

E.Abdullayeva deyib ki, bu filialın yaradılması məcburi köçkünlərin işlə təmin olunması baxımından çox əhəmiyyətli hadisədir.

Filial direktoru onlara yaradılan şəraitə görə, bütün toxucular adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri V.Muradov deyib ki, ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycan xalçaçılığı yeni inkişaf dövrünü yaşayır. Son illər respublikamızın bölgələrində 20 xalça istehsalı emalatxanası fəaliyyətə başlayıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Azərxalça”nın Qobustan filialının açılışı olub.

Bu ərazidə xalça emalatxanasının yaradılmasının əhəmiyyətindən danışan İdarə Heyətinin sədri bildirib ki, Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilən insanlar arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. Ona görə də həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça istehsalı emalatxanaları tikilir. Təsadüfi deyil ki, "Azərxalça"nın ilk filialı Füzuli rayonunun Horadiz şəhərində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Ötən il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunub. Bu proses gələcəkdə də davam etdiriləcəkdir.
V.Muradov tarixən Cəbrayıl rayonu ərazisində zəngin çeşnili Qarabağ xalçalarının toxunduğunu bildirib.

Qeyd olunub ki, burada çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar.

İdarə Heyətinin sədri kollektivə fəaliyyətində uğurlar arzulayıb. Sonra emalatxanaya baxış olub, indiyə qədər toxunan xalçaların keyfiyyəti dəyərləndirilib, istehsal prosesi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti