...

Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır

Cəmiyyət Materials 12 İyul 2019 12:19 (UTC +04:00)
İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir.
Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yanaşı, yeni yanaşma tələb edir.

Radikal qruplaşmanın din pərdəsi altında Nardaran təxribatı, boşa çıxan cəhd

Bir müddət əvvəl Azərbaycanda bəzi qüvvələr müəyyən anti-Azərbaycan dairələrinin sifarişi ilə ölkədə ictimai sabitliyi pozmağa, dövlət maraqlarına qarşı çıxmağa cəhd göstərsə də buna nail ola bilmədilər. Xüsusi sifarişlə təlimatlanan bu cür şəxslər Azərbaycandakı sabitlikdən, dinamik və sürətli inkişafdan qıcıqlanaraq ölkədə sabitliyi pozmağa, əhali arasında panikqa yaratmağa cəhd etsələr də, dövlətin və vətəndaşların sayıqlığı nəticəsində onların iç üzü ortaya çıxdı. Ölkədə sabitliyə və inkişafa mane olmağa imkanları çatmayan həmin şəxslər radikallığa meyllənməklə bu yolla nəyəsə nail olmağa cəhd etdilər. Amma, bu cəhdləri boşa çıxdı.

2016-cı il noyabrın 16-da Sabunçu rayonunun Nardaran qəsəbəsində dini radikal qruplaşmanın qəsəbəni zəbt edərək dövlət məmurlarına qarşı çıxması yəqin ki hamının yadındadır. Həmin vaxt 27 nəfərdən ibarət radikal qrup Nardaran qəsəbəsini mühasirəyə alaraq vətəndaşları bir-bir dini radikalizmə sürükləmək istədi. Hətta həmin şəxslər məsələyə müdaxilə edən hüquq-mühafizə orqanlarına atəş açmaqdan, 2 polis əməkdaşını qətlə yetirməkdən də çəknmədilər. Hüquq-mühafizə orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu təxribatın qarşısı alındı, 27 nəfərlik radikal dini qruplaşma zərərsizləşdirildi.

Həmin vaxt zərərsizləşdirilən radikal qruplaşma üzvlərinin bir qrup tərəfdaşı Nardaran sakinləri arasında anti-Azərbaycan təbliğatı aparmaqla xalqı dövlətdən narazı salmağa, ara qarışdırmağa, Nardaranda xaos yaratmağa cəhd etdi. Həmin vaxt bu qruplaşma xarici havadarlarının dəstəyi ilə aranı qarışdırmağa, zərərsizləşdirilən qruplaşma üzvlərini isə dinc Nardaran sakini adlandırmaq istədilər. Amma araşdırmalar zamanı məlum oldu ki, radikal qruplaşmanın rəhbəri Taleh Bağırov İsmayıllı rayon sakinidir və bu şəxs xarici qüvvələrin sifarişi ilə Nardaranda dini dövlət yaratmaq üçün hazırlıqlar aparır. Cəhdləri boşa çıxan qruplaşmanın istintaqdan kənarda qalan üzvləri 27 nəfərlik dəstə yaxalanandan sonra Nardarandakı problemləri qabartmaqla özlərinə haqq qazandırmağa başladılar. Amma bu cəhdləri də dərhal boşa çıxdı.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nardaran qəsəbəsində əsaslı yenidənqurma işləri başlandı və qısa müddətdə nardaran tanınmaz dərəcədə dəyişdi. Yəni, nardaranlıların heç bir sosial problemi qalmadı. Yeni yollar, müasir obyektlər inşa olunaraq əhalinin istifadəsinə verildi, Nardaran sakinlərinin 10 milyon manatlarla kommunal borcları silindi, qəsəbənin bütün abonentlərinə müasir tipli işıq, qaz və su sayğacları quraşdırıldı. Dövlət başçısı bu addımı ilə bir daha sübut etdi ki, heç bir radikal qruplaşma Azərbaycanda sabitliyi poza bilməz, əhalinin sosial rifahını əlində “bayraq” edib xalqı deövlətdən narazı sala bilməz. Cənab Prezident Nardaran əhalisinin vaxtında yanında oldu, onları bütün problemlərdən azad etdi. Bununla da radikal qruplaşmanın “Nardaran xülyası” boşa çıxdı.

Suriyada hazırlanan plan, Gəncə təxribatının iflası

Amma, problem bununla bitmədi. Xüsusi anti-Azərbaycan qüvvələrinin təlimatı ilə yenidən hazırlanan daha bir qrup 2018-ci ildə təkrar fəallaşdı. Bu dəfə isə Gəncə şəhərində...

Suriyada və digər ölkələrdə radikal dini qruplaşmalarda təlim keçən bir qrup radikal şəxs Gəncədə dinc sakinlərə hücum etdi, iki polis zabitini qətlə yetirdi, radikal dini qruplaşma üzvü Yunis Səfərov adlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd etdi.

Onlar bu cür təxribatları ölkənin müxtəlif ərazilərində təkrar edərək ölkədə sabitliyi pozacaqlarına əmin idilər. Bu üsulla onlar gəncəliləri ələ almağa və öz tərəfdarları sırasına qatmağa cəhd etsələr də, gəncəlilər həmin şəxslərin niyyətini əvvəlcədən anlayaraq dövlətçilik maraqlarını üstün tutub həmin radikallara qarşı birləşdi. Dövlət xalqın yanında olduğu üçün xalq da həmişə olduğu kimi bu dəfə də dövlətin yanında oldu və dövlətçiliyə qarşı çıxan, ölkədə təxribata cəhd edən həmin radikallar zərərsizləşdirildi.

Məlum oldu ki, ötən il iyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.

Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orda yaşayan anti-milli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarı müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Əli Həsənov: Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların dövlət və milli maraqlarımıza qarşı məkrli təxribatı idi

Artıq Gəncə hadisələrindən bir il keçib. Azərbaycan vətəndaşları həmişə dövləti maraqların qorunması üçün sıx birləşib və dövlətin, dövlətçiliyin inkişafı, ictimai və dövlət maraqlarının qorunması üçün əlindən gələni edir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı Trend-ə açıqlamasında da bu məsələyə toxunub. O bildirib ki, dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları senarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb.

Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər”.

Bəzi qüvvələr Azərbaycanı orta əsrlərə qaytarmaq, şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər

Ə.Həsənov bildirib ki, dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır: “Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?".

Prezidentin köməkçisi bildirib ki, dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır: “Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".

Samir Güləliyev
Trend İnformasiya Agentliyinin müxbiri

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti