...

Bakı Slavyan Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2019 18:08 (UTC +04:00)
Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bakı Slavyan Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbir iştirakçılarını YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib, onlara həyatda və fəaliyyətlərində böyük uğurlar arzulayıb. Rektor bildirib ki, bu günlər respublikamızda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir. 21 Noyabr xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. YAP-ın yaranması tarixi zərurət idi. Azərbaycanın ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində düşdüyü mürəkkəb, böhranlı və faciəli vəziyyətə dözə bilməyən 91 nəfər vətənpərvər ziyalı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu öndər Heydər Əliyev bu müraciətə 1992-ci il oktyabrın 23-də cavab verdi. Qüdrətli siyasi xadim Heydər Əliyevin bu cavabı, əslində, proqram xarakterli bir sənəd idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də xalqımızın dahi oğlu, milli təəssübkeşimiz, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Xüsusi qeyd etmək istəyirəm ki, bizim bugünkü sürətli inkişafımızın, böyük uğurlarımızın kökündə məhz 1992-ci ilin 21 noyabrı dayanır. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmaq, separatçılıq, vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə möhkəm daxili ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi. Xalq Heydər Əliyevi ürəkdən sevir, Ulu Öndərimizə böyük dəstək verirdi. Mən 1993 və 1998-ci illərdə keçirilən Prezident seçkilərində milli xilaskarımız, təcrübəli dövlət rəhbəri Heydər Əliyevin vəkili olmuşam və bundan böyük sevinc duyur, qürur hissi keçirirəm. Görkəmli rəhbərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, onu gücləndirdi, dünya birliyinin layiqli üzvünə çevirdi. 1995-ci ildə YAP-ın Qadınlar Şurası yaradıldı. YAP-ın Qadınlar Şurasının yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi xüsusi diqqət və qayğının, onun fəaliyyətinə verdiyi yüksək qiymətin əyani təcəssümüdür.

Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, müdrik siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri möhtərəm cənab İlham Əliyev ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var. YAP dövlətimizlə qoşa qanad kimi fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev demişdir: “YAP ümumxalq partiyasıdır”. Biz ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə dəstək verməli, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün əzmlə, fədakarlıqla çalışmalıyıq.

Sonra YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd edib ki, YAP sarsılmaz siyasi təşkilatdır, cəmiyyətimizin aparıcı qüvvəsidir. YAP-ın sıralarında cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri təmsil olunurlar. BSU-nun tələbə-gəncləri böyük həvəslə, ürəklərinin hökmü ilə YAP-a üzv olurlar. Çünki onlar öz xoşbəxt gələcəklərini məhz bu partiyanın fəaliyyətində görürlər.

YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının Gənclər Birlyinin sədri Murad Sadıqov çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərə yüksək səviyyədə təhsil almaq, ictimai-mədəni həyatda fəal iştirak etmək və dövlət idarəçiliyində təmsil olunmaq üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edib və onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıb.

Sonra “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda YAP-a yeni üzv olan tələbə-gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti