Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
Trend-ə Aİİ-nin mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, kitabxananın qeydiyyat bölməsindən ekskursiyaya başlayan tələbələr daha sonra ənənəvi və elektron kataloqla tanış olaraq burada kitab sifariş etməyi, sənədlərin elektron kataloqa daxil edilməsi prosesini izləyiblər. Sonra ziyarətçilər sərgi salonunda müxtəlif mövzularda nümayiş edilən kitablarla tanış olublar.
Daha sonra tələbələrə MEK-in tarixi, fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunması MEK-in əsas vəzifələrindəndir.
Ziyarət zamanı tələbələr, həmçinin MEK-in Diplomatik Fondunu, Nadir Kitab Fondunu, Dövri Mətbuat Fondunu, Oxu zallarını gəziblər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.