Bakı. Samir Əli - Trend:
Uzun illərdir ki, nəqliyyat şəraitinin xaotik olduğu "20 Yanvar" dairəsi ətrafında nizamın yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədi ilə layihə işlənib hazırlanıb:
"Artıq layihə Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi komissiyasına təqdim edilib. Bundan əlavə, dairə ətrafındakı yollarda qanunsuz parklanma hallarına qarşı intensiv tədbirlər görülməkdədir. 3-cü mikrorayon dairəsi və Moskva prospekti (Şamaxinka adlanan ərazi) istiqamətində qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin kameraları quraşdırılıb. Bununla yanaşı, ərazidə gündəlik olaraq əməkdaşlarımız tərəfindən xidmət təşkil olunub. Dairə ətrafında taksi duracaqları da yaradılıb".
M.Ağayev bildirib ki, qeyd edilən ərazidə icra olunan digər mühüm tədbir səkilərin dəmir məhəccərlə əhatələnməsidir: "Aparılan müşahidələr də onu göstərir ki, "20 Yanvar" dairəsində nəqliyyatın hərəkətinə maneə yaradan əsas amillərdən biri də piyadaların dairə ətrafında xaotik hərəkətidir.
"20 Yanvar" dairəsi ətrafında, eləcə də "Şamaxı yolu" adlanan ərazidə hərəkəti çətinləşdirən digər bir süni amil qanunsuz sərnişindaşıma hallarının mövcudluğudur. Biz tərəfdən ərazidə qanunsuz parklanma hallarına qarşı tədbir görülür. Amma tam nəticə əldə olunması üçün mütləq şəkildə qanunsuz sərnişindaşıma fəaliyyətinə qarşı da müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir".