...

Buraxılış imtahanları təxirə salınıb, ali məktəblərə sənəd qəbulunun vaxtı dəyişdirilib

Cəmiyyət Materials 16 Mart 2020 12:52 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi tərəfindən 5, 12 və 19 aprel 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.
Buraxılış imtahanları təxirə salınıb, ali məktəblərə sənəd qəbulunun vaxtı dəyişdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 5, 12 və 19 aprel 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının, rezidenturaya qəbul imtahanının (19 aprel) keçirilməsi, 16 mart-14 aprel tarixlərində isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulurdu.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcək.

Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti