Bakı. Trend:
Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” sosial aksiyasını davam etdirir. Fondun “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı mərkəzinə edilən müraciətlərə əsasən ərzaq sovqatları hazırlanaraq müvafiq ünvanlara göndərilir.
Trend-in məlumatına görə, sosial aksiya koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır.
İndiyədək qeydə alınan müraciətlərin əksəriyyəti Azərbaycanın bölgələrindən daxil olub. Müraciətlər araşdırıldıqdan sonra könüllülərdən ibarət qruplar aztəminatlı ailələrə baş çəkir, ərzaq sovqatlarını çatdırır, müvafiq sosial xidmətlər göstərirlər.
Aksiyanın daha geniş miqyası əhatə etməsi üçün yaxın vaxtlarda www.bizbirlikdegucluyuk.az portalı da istifadəyə veriləcək. Yeni platforma karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrlə onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndimək məqsədilə yaradılır.
“Biz birlikdə güclüyük” aksiyasının elan olunduğu qısa vaxt ərzində təşəbbüsə qoşulan, yardım edən xeyriyyəçilərin sayı getdikcə artır.
Layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyaya bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, “Yeni Həyat” Şirkətlər Qrupu, “Kontakt Home” mağazalar şəbəkəsi, “Kristal Abşeron MTK”, "Plane Construction "MMC dəstək göstərib.
Karantin rejimi müddətində davam edəcək aksiya çərçivəsində 100 mindən çox sovqatın paylanılması nəzərdə tutulur.