...

Ətraf mühit sahəsində çalışan gənc fəallar ilə onlayn müzakirələr keçirildi (FOTO)

Cəmiyyət Materials 17 May 2020 13:55 (UTC +04:00)
Ətraf mühit sahəsində çalışan gənc fəallar ilə onlayn müzakirələr keçirildi (FOTO)

Bakı. Trend:

Mayın 14-də ətraf mühit sahəsində çalışan bir sıra təşkilat və qrupların gənc fəalları arasında ekoloji problemlər ətrafında onlayn müzakirə keçirilib. IDEA İctimai Birliyi tərəfindən təşkil edilən görüşdə Green Baku, EkoSfera - Sosial Ekoloji Mərkəz, AZGREEN, Sağlam Düşüncə Gənclər Təşkilatı, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi və OIKOS təşkilatının nümayəndələri iştirak edib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, iştirakçılar karantin rejimi müddətində ekoloji fəallıq və sosiallaşma üzrə təcrübələrini paylaşıb, qlobal pandemiyanın təşviqat və maarifləndirilmə işinə təsirini qiymətləndiriblər və hazırkı şəraitdə Azərbaycanda ekoloji fəallığın yayılması yolları haqda fikirlərini bölüşüblər. Görüş zamanı çirkləndirmənin müxtəlif formaları və ətraf mühitə təsirləri müzakirə edilib, ictimaiyyətin hava, su və yerə atılan tullantılarla yanaşı, rəqəmsal çirklənmə və səs çirklənməsi haqqında da məlumatlandırılmasına ehtiyacın olduğu vurğulanıb. Tərəflər bu problemlərinin həllinə töfhə verməyə hazır olduğunu bildirib, bu cür görüşlərin davam etdirilməsi, növbəti müzakirələr zamanı görülə biləcək mümkün işlərin və tərəfdaşlıq məsələlərinin nəzərdən keçirilməsi barədə razılığa gəldilər.
Bu, yerli ekoloji yönümlü təşkilat və qrup nümayəndələri arasında fikir mübadiləsinin təşviqi və ekoloji problemlərin həlli üçün ümumi yolların axtarılması məqsədi ilə təşkil edilən sayca ikinci görüşdür. İlk görüş fevralın 29-da IDEA İctimai Birliyinin Resurs mərkəzində keçirilmişdir.

Məlumdur ki, Yer kürəsi qlobal istiləşmə, çirkləndirilmə, biomüxtəlifliyin məhvi, su çatışmazlığı, torpağın deqradasiyası və s. kimi çoxsaylı və getdikcə daha da mürəkkəbləşən ekoloji problemlərlə qarşılaşır. Dünya əhalisi artdıqca təbii resursların istismarı və ətraf mühitin korlanması prosesi daha da sürətlənir. Bununla yanaşı, daşqınlar, yanğınlar və digər təbii fəlakətlər daha tez-tez və daha intensiv şəkildə baş verir. Ekoloji problemlər sərhəd tanımadığı kimi, onlarla mübarizə də bəşəri əhəmiyyət daşıyır.

Ekoloji fəallıq bir-iki aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli həyat tərzinə çevrilməlidir. Gələcəyimizin təmin edilməsi üçün süurlarda, düşüncələrdə dəyişiklik etmək lazımdır ki, bu dəyişikliyi yalnız gənc nəsil təmin edə bilər.

Dünyanın ən təsirli qüvvələrindən biri olan aktiv təbiətsevər gənclər, ekoloji təşkilatların gənc nümayənədələri və ümumiyyətlə gənclər təşkilatlarının fəalları birləşsə daha müsbət və sürətli dəyişikliyə nail olmaq olar. Belə ki, ekoloji problemlərə biganə qala bilməyən, liderlik xüsusiyyətlərinə malik olan, qlobal ekoloji problemlərin həlli yolları ilə bağlı daim axtarışda olan və ətrafına daha böyük kütləni toplaya bilən gənclər dövrün həyacan təbilini səsləyən əsas qüvvədir. Hər pozitiv addımın əsasında pozitiv və fəal insanlar durur. Gənc fəallar bir araya gəlib dialoq aparanda, ideayalarını bölüşəndə və ümumi məqsəd naminə birləşəndə möhtəşəm nəticələr əldə etmək mümkün olur.

Bunları nəzərə alaraq, IDEA İctimai Birliyi digər ekoloji yönümlü təşkilatların da keçiriləcək gələcək interaktiv görüşlərə qoşulmasına çağırır, onların ən fəal gənc nümayəndələrinin bu görüşlərdə iştirak etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti