...

Pandemiya dövründə könüllülərin maariflənməsi və inkişafı üçün müxtəlif təlimlər təşkil edilir (FOTO)

Cəmiyyət Materials 20 May 2020 21:32 (UTC +04:00)
Pandemiya dövründə könüllülərin maariflənməsi və inkişafı üçün müxtəlif təlimlər təşkil edilir (FOTO)

Bakı. Afaq Rza - Trend:

Pandemiya dövründə keçirilən onlayn görüşlər zamanı könüllülərimizin maariflənməsi və inkişafı üçün müxtəlif təlimlər təşkil edilir.

Bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev koronavirus pandemiyası dövründə könüllülərin fəaliyyətindən söz açarkən bildirib:

"Bu dövrdə bizim könüllülərimiz əsasən Yasamal və Səbail rayonları üzrə fəaliyyət göstəriblər. Onlar iki ay müddətində 400-ə yaxın yaşı 65-dən yuxarı şəxs və tənha yaşayanlara sosial xidmətlər ediblər. Könüllülər xidmət çərçivəsində həmin şəxslərə marketlərdən məhsulların, apteklərdə dərmanların alınması, kommunal ödənişlərin həyata keçirilməsi və s. kimi sahələrdə köməklik göstəriblər. Bizim könüllülüklə bağlı müxtəlif planlarımız var idi. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq, onlar hələ ki, həyata keçirilmir. Bundan əlavə, pandemiya dövründə artıq biz müəyyən tədbirləri onlayn şəkildə keçirməyə başladıq. Keçirilən onlayn görüşlər zamanı könüllülərimizin maariflənməsi və inkişafı üçün müxtəlif təlimlər təşkil edilir. Bütün bunlar könüllülərin öz üzərində işləyib inkişaf etməsi üçündür. Bundan sonra da postpandemiya dövründə situasiyadan asılı olaraq, bizim könüllülüklə bağlı layihə və planlarımız həmin şəraitin tələblərinə uyğun qurulub həyata keçiriləcək".

R.Mirzəliyev əlavə edib ki, DOST Agentliyində könüllü fəaliyyəti "Könüllü DOST" proqramı çərçivəsində həyata keçirilir. Bu proqram öz növbəsində 3 altproqramdan ibarətdir. Tezliklə bunlara dördüncüsü də əlavə olunacaq:

"Könüllü DOST" proqramı 9 may 2019-cu ildə 1 saylı ilk "DOST" mərkəzi açılandan fəaliyyət göstərir. İndi isə "DOST" mərkəzlərinin sayı üçə çatdırılıb. Hər üç mərkəzdə könüllülərin sayı ilə bağlı müəyyən kvota müəyyən olunub. Pandemiya dövrünə qədər hər bir mərkəzimizdə 40-50 könüllü eyni anda fəaliyyət göstərirdi. Qeyd etmək istəyirəm ki, bizim "Könüllü DOST" proqramı 3 istiqamət üzrə bölünür. "Gənc DOST", "Gümüşü DOST" və "Virtual DOST" altproqramıdır. Sadalanan hər bir alt proqram bir-birindən fərqlənir. Belə ki, "Gənc DOST" alt proqramında 15-29 yaşlı şəxslər könüllülük fəaliyyətinə cəlb olunurlar. Onlar müxtəlif sahələr üzrə təhsil alırlar. Lakin ola bilər ki, bu könüllülər arasında ali təhsil almayanlar da olsun. Yəni, bizim üçün burada əsas vacib amil könüllülərin qoyulan yaş həddi daxilində olmalarıdır.

Bundan əlavə, "Gümüşü DOST" altproqramı var ki, bu, pensiyaçılar üçün nəzərdə tutulub. Onlar burada digər könüllülər kimi fəaliyyət göstərirlər. Bu, onların cəmiyyətə yenidən inteqrasiyası, həmçinin onların öz təcrübələrini gənc könüllülərlə paylaşmaları üçündür. Bu proqram üzrə hər bir mərkəzimizdə 5 nəfərə qədər pensiyaçı cəlb olunub. Pandemiya dövründə bildiyiniz kimi, yaşlı şəxslərin evdən çıxması tövsiyə edilmirdi. Bununla bağlı olaraq, bu dövrdə "Gümüşü DOST" alt proqramı fəaliyyət göstərmir. Ümid edirəm ki, yaxın gələcəkdə vəziyyət düzələcək və onlar əvvəlki kimi fəaliyyətlərini bərpa edəcəklər.

"Virtual DOST" altproqramı isə Azərbaycanda ilk onlayn könüllü proqramıdır. Burada müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, həmçinin evdar xanımlar, gənclər, əlilliyi olan şəxslər fəaliyyət göstərir. Onlar evdə, yaxud ofisdə, olduqları yeri tərk etmədən könüllülük proqramına qoşula bilirlər. Bu könüllülərin əsas fəaliyyət istiqamətləri təlimlərin keçirilməsi, materailların tərcümə olunması, müxtəlif sahələr üzrə konsultasiyaların verilməsi, İT fəaliyyəti və s.-dir.

Dördüncü isiqamət "Korporativ DOST" altproqramıdır. Bu altproqram müxtəlif böyük şirkətlərdə quraşdırılan koorporativ məsuliyyət proqramlarının sistemləşdirilməsi və düzgün istiqamətləndirilməsi üçün fəaliyyət göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti