...

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun üzvləri AXC-nin ildönümü ilə ilə bağlı bəyanatlar veriblər

Cəmiyyət Materials 1 İyun 2020 05:43 (UTC +04:00)
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun üzvləri AXC-nin ildönümü ilə ilə bağlı bəyanatlar veriblər

Bakı. Trend:

Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvləri, Nümayəndələr Palatasında Kaliforniya ştatını təmsil edən nüfuzlu respublikaçı Pol Kuk və Arizona ştatını təmsil edən respublikaçı Pol Qosar Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü ilə bağlı bəyanat verib.

Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, bəyanatlarda Azərbaycanın 1918-ci il 28 mayda Müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika qurduğu vurğulanıb.

1920-ci ildə Sovet İttifaqına daxil edilən Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etdiyi və ABŞ tərəfindən tanındığı qeyd olunub. 1992-ci ildə ABŞ-la qurulan diplomatik əlaqələrin və tərəfdaşlığın bugünədək uğurla davam etdiyi bildirilib.

Bəyanatlarda həmçinin Azərbaycanın enerji təhlükəsizliyi, ikitərəfli ticarət və investisiyanın artırılması, transmilli təhdidlər və terrorçuluqla mübarizə sahələrində ABŞ-la birgə işlədiyi, Azərbaycan əsgərlərinin Əfqanıstan, İraq və Balkanlardakı əməliyyatlarda ABŞ əsgərləri ilə birgə iştirak etdiyi, 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın ABŞ-a dəstək göstərən ilk dövlətlərdən olduğu vurğulanıb.

P.Kuk öz bəyanatında həmçinin Azərbaycanın ABŞ-ın müttəfiqləri, xüsusilə İsraillə əlaqələrinə vurğu edərək ölkələr arasındakı iqtisadi və təhlükəsizlik sahəsindəki tərəfdaşlığı təqdir edib, İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini qeyd edib.

Bəyanatda Azərbaycanın Avropada enerji marşrutlarının müxtəlifləşdirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsindəki önəmli rolu, xüsusilə Cənub Qaz Dəhlizi layihəsindəki aparıcı rolu vurğulanıb.

Bundan əlavə, dünyəvi dövlət olan və əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda yəhudu və xristian icmalarının birgə yaşadığını bildirən P.Kuk ölkəmizdəki dini dözümlülük ənənələrini təqdir edib.

P.Qosar isə bəyanatında Azərbaycanın regionda azadlıq nümunəsi kimi parladığını və azadlıq naminə müasir problemlərin həllində göstərdiyi qətiyyəti ön plana çəkib.

Sonda Konqres üzvləri bir daha Azərbaycan xalqına ən xoş arzularını çatdırıb və ölkələrimiz arasında davamlı tərəfdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində çalışmağa hazır olduqlarını ifadə edib. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti