...

Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2020 13:02 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə imtahanqabağı onlayn görüşü təşkil olunub.
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə imtahanqabağı onlayn görüşü təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, İ.Kazımlı tələbələrin imtahan zamanı bir sıra psixoloji və fiziki problem yaşadığını qeyd edib. O bildirib ki, tələbələr daha çox imtahandan sonra meydana gələ biləcək mümkün problemlər haqqında düşünürlər. Bu düşüncələr isə narahatlığa və stressə səbəb olur.

Psixoloq imtahan gərginliyini aradan qaldıran bir sıra üsullardan da bəhs edib. O, planlı olaraq imtahana hazırlaşmağın, daxili motivasiyanın vacibliyini vurğulayıb. Bildirib ki, stress imtahana girən hər bir şəxs üçün təbii haldır. Orta səviyyədə hiss edilən narahatlıq tələbələri daha çox motivasiya edərək oxumağa həvəsləndirir, onları daha məsuliyyətli olmağa yönəldir.

İ.Kazımlı daha sonra bildirib ki, narahatlıq, gərginlik çox olduqda tələbə stress keçirəcək, bu isə onun həqiqi potensialının üzə çıxmasına və yüksək nəticə əldə etməsinə maneçilik törədəcək.

Psixoloq, həmçinin imtahana hazırlıq zamanı tələbələrin diqqət edəcəkləri məqamları da nəzərə çatdırıb. Bildirib ki, vaxtın səmərəli bölgüsü, gündəlik iş qrafiki, planlı çalışmağın təmin edilməsi vacib məqamlardır.

İ.Kazımlı gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Bəzi problemlərin həllində psixoloji durumun köməklik göstərə biləcəyini də nəzərə çatdırıb.

Görüş zamanı tələbələr onları maraqlandıran sualları psixoloqa ünvanlayıblar.

Məlumat üçün bildirək ki, xüsusi karantin dövründə tələbələrin onlayn dərslərdə fəal iştirak etmələri, pandemiya dövründə stressdən uzaq qalmaq və xüsusi karantin rejiminə adaptasiya ilə bağlı problem yaşayan tələbələrlə psixoloq mütəmadi olaraq onlayn görüşlər keçirib. Yay imtahan sessiyası dövründə İ.Kazımlının problemli tələbələrlə fərdi onlayn konsultasiyalar keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası iyunun 8-dən başlayıb. Beş həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti