...

Bakı Slavyan Universitetində “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir keçirilib

Cəmiyyət Materials 16 İyun 2020 12:24 (UTC +04:00)
Bakı Slavyan Universitetində “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir keçirilib

Bakı. Trend:

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin dəstəyi və bu ali təhsil müəssisəsinin Ölkəşünaslıq Klubunun və Debat Klubunun birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir keçirilib.

BSU-nun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, “Zoom” platforması üzərindən diskussiya formasında keçirilən tədbirdə tələbələr fəal iştirak ediblər.

Onlar elmi-tarixi faktlar əsasında çıxış edərək 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı öz fikir və mülahizələrini bölüşüblər. Qeyd edilib ki, 1993-cü ilin 15 İyunu XX əsrdə Azərbaycan xalqının həyatına böyük tarixi-siyasi əhəmiyyət kəsb edən əsrə bərabər bir gün kimi daxil olmuşdur. 27 il bundan öncə xalqımız öz dahi vətənpərvər oğlu, qüdrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı, cəsarəti, iradəsi,qətiyyəti, müdrikliyi, uzaqgörənliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq meyillərindən xilas oldu. Məhz ulu öndər Heydər Əliyevin öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirməsi sayəsində Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması təhlükəsi aradan qaldırıldı, xalqımız, millətimiz, Ana Vətənimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev tarix və xalq qarşısında öz missiyasını hünərlə, qətiyyətlə, xalqına, millətinə məhəbbətlə yerinə yetirdi. 15 İyun Azərbaycanın tarixinə ölkəni xilas edən böyük qayıdış kimi şərəflə yazıldı. Bu gün sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri və mövqeyi olan müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.

Tədbirdə xüsusi vurğulanıb ki, xalqımızın müdrik xilaskar oğlu Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva böyük fədakarlıqla ölkəmizin uğurlu dinamik iqtisadi inkişafını, dövlətimizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini təmin edirlər. Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə böyük nailiyyətlər qazanır. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin yüksək səviyyədə təhsil almalarına, onların ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakına və dövlət idarəçiliyinə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır.

BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bu ali məktəbdə təhsil alan tələbələrin vətənpərvər, sağlam və müasir düşüncəli, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları,eləcə də yüksək səviyyəli kadrlar kimi yetişmələri üçün böyük əzmlə, səylə çalışır. BSU-da yaradılan keyfiyyətli təhsil mühiti ilə yanaşı, həyata keçirilən müxtəlif layihələr tələbələrin əsl vətəndaş kimi formalaşmasına, onların dünyagörüşünün genişlənməsinə və sosial fəallığının artmasına müsbət təsir edir. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilmiş xüsusi karantin rejimi şəraitində BSU-da distant təhsil səmərəli təşkil edilib və yaz semestrinin imtahan sessiyasında tələbələrə universitetin rəhbərliyi tərəfindən böyük güzəştlər olunub. Universitet rəhbərliyinin bu humanist addımı tələbələr tərəfindən böyük razılıqla qarşılanıb. Hazırda BSU-da distant imtahan sessiyası uğurla davam edir. İmtahan sessiyasının şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib, tələbələrə öz biliklərini nümayiş etdirmək üçün lazımi imkanlar yaradılıb.

Tədbir tələbə-gənclərin nikbin fikirləri ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti