Bakı. Elçin Mehdiyev – Trend:
Operativ Qərargah nəzdində yaradılmış xüsusi qrup koronavirusa qarşı vaksinlərin yaradılması istiqamətində iş aparan dünyanın aparıcı şirkətləri ilə təmasları davam etdirir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, dünya səviyyəsində qəbul olunmuş və sertifikatlaşdırılmış vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır. O qeyd edib ki, burada dərin araşdırma aparmağa ehtiyac var və yan təsirləri olmayan və dünya səviyyəsində sertifikatlaşdırılan vaksinlər diqqətdə saxlanılacaq.