Bakı. Trend:
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib. Qeyd edək ki, 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. Daha əvvəl təşəbbüs çərçivəsində iyul və sentyabr aylarında fərdi qoyucu vasitələr və tibbi ləvazimatlardan ibarət iki yük Azərbaycana təhvil verilmişdi.
“Bugünkü imzalanma mərasimi ilə Azərbaycana təhvil verdiyimiz fərdi qoruyucu vasitələr və tibbi ləvazimatdan ibarət 3-cü və 4-cü yük, Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan arasındakı tərəfdaşlıq və komanda işinin növbəti nümunəsidir,” deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib və Azərbaycan xalqına sağlam və xoşbəxt yeni il arzulayıb.
Aİ-nin maliyyə yardımı Azərbaycanda ilkin olaraq zəruri ləvazimatların alınması və digər fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə edilib. “Layihənin hazırkı mərhələsində tibbi ləvazimatların gətirilməsinin davam etdirilməsi ilə bərabər, biz səhiyyə işçilərinə əlavə təlimlərin keçirilməsi və ölkənin daha köklü və uzunmüddətli səhiyyə ehtiyaclarının dəstəklənməsinə xüsusi diqqət yetiririk,” ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib.
“Hazırda COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya birləşərək səy göstərir. Düşünürəm ki, biz də Azərbaycanda güclərimizi birləşdirərək bu problemə qalib gələ bilərik. Təqdim edilmiş tibbi ləvazimatlar həm poliklinikalar, həm də xəstəxanaların ehtiyaclarının qarşılanmasında yardımçı olacaq” deyə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Dr Nadir Zeynalov qeyd edib və yardıma görə həm Avropa İttifaqına, həm də Ümumdünya Səhiyyə Təşkilatına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, eyni gündə COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST Səhiyyə Nazirliyinə 1 milyon ədəd tibbi maska təhvil verib. Bu ÜST-nin Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi 2,5 milyon tibbi maskanın səhiyyə qurumları, həmçinin əhalinin həssas qrupları ilə çalışan dövlət insititutları və qeyri-hökumət təşkilətlarına paylanması kampaniyasının tərkib hissəsidir. Qeyd edək ki, daha əvvəl kampaniya çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min, Sosial Xidmətlər Agentliyinə 100 min, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin hər birinə 5 min ədəd maska təhvil verilib. Maskalarla bərabər bu təşkilatlara tibbi və qeyri-tibbi maskalardan düzgün istifadəyə dair maarifləndirici flayer və posterlər də paylanıb.