...

Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI

Cəmiyyət Materials 12 Aprel 2021 13:54 (UTC +04:00)
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI

Bərdə. Aslan Məmmədli - Trend:

İşğaldan azad olunan rayonların sakinləri 30 ilə yaxındır ayrı düşdüyü torpaqlara getmək üçün can atır. Amma unutmaq olmaz ki, ermənilər ərazilərimizdə ölüm təhlükəsi yaradıb. Hər addımbaşı basdırılan minalar insanların həyatına bir anda son qoya bilər. Bütün xəbərdarlıqlara baxmayaraq, isgaldan azad edilən ərazilərə icazəsiz gedənlər hələ də var.

Trend TV-nin Qarabağ bürosu bu cür məsuliyyətsiz addımlarının qurbanı olan, sağlamlıqlarına ciddi ziyan vuran şəxslərdən bir neçəsi ilə söhbətləşib.

Həmsöhbətimiz Tərtər rayon Borsunlu kənd sakini 45 yaşlı Niyaməddin Verdiyev deyir ki, heyvanlarını otarmaq üçün azad edilmiş kəndlərdən birinə bir neçə dəfə örüşə aparıb. Sonuncu dəfə isə faciədən can qurtara bilmir və minaya düşür. Ayağından xəsarət alan Niyaməddin yaxınlarına zəng edir və onu ərazidən çıxarırlar. Xəstəxanaya yerləşdirilən N.Verdiyevin sağ ayağı amputasiya edilir.

İndi də vəziyyətinin yaxşı olmadığını, müalicəsinin davam etdiyini deyən N.Verdiyev insanları işğaldan azad edilən ərazilərə icazəsiz səfər etməməyə çağırır. Çünki sürpriz minaların partlayışı ağır nəticələrə, bəzən də insan ölümünə səbəb olur.

O deyir ki, Ermənistan bilərəkdən həmin əraziləri minalar və partlamamış döyüş sursatları ilə çirkləndirib. Məqsəd mülki əhalinin bundan ziyan çəkməsidir.

Ağdamda məskunlaşan Hüseynovlar ailəsi də minadan zərər çəkib. Rayonun Əfətli kəndində yaşayan ailə İlaxır çərşənbədə Yusifcanlı kəndində doğmalarının məzarını ziyarət etməyə gediblər. Qəbiristanlığa icazəsiz səfər edən ailə üzvündən 4-ü və bir qonşu minaya düşüb. Nəticədə 2 nəfər həyatını itirib, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hazırda Ağcabədi rayon mərkəzi xəstəxanasında müalicə alan Anar Hüseynovun bir ayağı hadisədən sonra amputasiya edilib.

Düşdüyü vəziyyətdən çox böyük peşmançılıq çəkən A.Hüseynov deyir ki, düşünmədən atdığı bu addımın ömürboyu ağrı-acısını çəkəcək: İki qardaş itkisi bir tərəfdən, öz sağlamlığını itirməsi də digər tərəfdən sağalmaz yaradır. O, insanları belə səhvlər etməməyə çağırır, çünki düşmən hər qarışı minalarla çirkləndirib.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti