...

Şəhid ailələri və müharibə əlillərinə ilin sonunadək daha bir neçə bina veriləcək

Cəmiyyət Materials 1 Sentyabr 2021 11:59 (UTC +04:00)
Şəhid ailələri və müharibə əlillərinə ilin sonunadək daha bir neçə bina veriləcək

Bakı. Trend:

Şəhid ailələri və müharibə əlilləri üçün bu ilin sonunadək daha bir neçə çoxmənzilli yaşayış binaları təqdim ediləcək. 2021-ci il üzrə onlara ümumilikdə 3 minədək mənzil və fərdi evin verilməsi təmin olunacaq, onlardan 1600-ü verilib.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında deyilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması ölkəmizdə bu kateqoriyalardan olan vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğını ifadə edir. Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının genişləndirilməsi işləri davam edəcək.

Qeyd olunub ki, 2019-2021-ci illərdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Bu ilin sonunadək Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

İclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, yeni sosial obyektlərin tikintisi, habelə yeni DOST mərkəzlərinin yaradılması sahəsində aparılan işlər müzakirə olunub. “DOST İŞ Mərkəzi” tərəfindən görülən işlər nəzərdən keçirilib.

Bildirilib ki, hazırda 56 min şəxsi əhatə edən ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi işləri aparılır. Ödənişli ictimai işlərə cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Buna görə də onların proqram çərçivəsində bu və ya digər konkret peşə sahələri üzrə işlə təmin edilməklə həmin sahələrə aid ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə, beləliklə, bu bacarıqlar hesabına gələcəkdə müstəqil şəkildə öz işlərini qura bilmələrinə şərait yaradılması da hədəflərdən biridir.

İclasda Nazirliyin Daxili nəzarət və audit şöbəsinin, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə dair hesabatlar da dinlənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti